Misirdə Xocalı faciəsini anma mərasimi və mətbuat konfransı keçirilmişdir
Qahirə, 23 fevral (AZƏRTAC). Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyinin Xocalı faciəsinin 20 illiyi ilə bağlı həyata keçirdiyi silsilə tədbirlər çərçivəsində fevralın 22-də Qahirədə faciəni anma mərasimi və Misirin aparıcı kütləvi informasiya vasitələrinin, o cümlədən “Əl-Əhram”, “Cümhuriyyə”, “Əl-Şuruk”, “Roza Əl-Yusif”, “Əl-Məsəi” qəzetlərinin, “Nile News”, “Qahirə” və “TRT Arabic” telekanallarının nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilmişdir.
Mərasimdə çıxış edən səfir Ş.Abdullayev Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradılması, 1918-ci ildə Bakıda ermənilər tərəfindən törədilmiş mart qırğınları, 80-ci illərin sonlarından başlayaraq, Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları və törətdiyi terror əməlləri haqqında ətraflı danışaraq, SSRİ-nin süqutundan sonra Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı müharibəyə başladığını və Xocalı şəhərinin bu açıq-aşkar təcavüzün ilk hədəflərindən biri olduğunu vurğulamışdır.
Xocalı əməliyyatının təşkil edilməsində o zaman Dağlıq Qarabağda yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının da iştirak etdiyini deyən natiq Xocalının insanlıq əleyhinə cinayət olduğunu bildirmiş, Ermənistan rəhbərliyində olan şəxslərin bu əməllərə görə məsuliyyət daşıdığını diqqətə çatdırmışdır.
Ş.Abdullayev jurnalistlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Xocalı həqiqətlərinin ərəb-İslam dünyasının ictimaiyyətində geniş yayılması, bu cinayətin törədilməsinə məsul olan şəxslərin beynəlxalq ədalət məhkəməsi qarşısına çıxarılması və Azərbaycanın iqtisadi inkişafı barədə çoxsaylı suallarını cavablandırmışdır.
Tədbir çərçivəsində Xocalı faciəsinə həsr olunmuş “Məhv edilmiş şəhər” sənədli filmi nümayiş etdirilmiş və səfirliyin bəyanatı yayılmışdır.
Xocalı faciəsi ilə əlaqədar həyata keçiriləcək silsilə tədbirlər çərçivəsində Misirin aparıcı qəzetlərində məqalələrin dərc edilməsi, Ayn-Şəms Universitetində bu faciə ilə əlaqədar konfrans keçirilməsi və Misirin peyk televiziya kanallarında sənədli filmlərin efirə verilməsi planlaşdırılmışdır.