Misirin nüfuzlu KİV-ində Vətən müharibəsində Azərbaycanın Qələbəsi haqqında məqalələr dərc olunub
Qahirə, 5 oktyabr, AZƏRTAC
Misirin nüfuzlu “Diplomasi maqazin” jurnalı və “Cümhuriyyə” qəzetində 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı Qələbəsi haqqında məqalələr dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalələrdə işğalçı Ermənistanın növbəti hərbi təxribatından sonra torpaqlarının azad edilməsi uğrunda əməliyyatlara başlayan Azərbaycan Ordusunun döyüş meydanında düşmənə sarsıdıcı zərbələr endirməsi, beləliklə, beynəlxalq hüquq normalarına uyğun olaraq ərazi bütövlüyünü bərpa edərək BMT-nin qətnamələrini yerinə yetirməsi barədə məlumat verilir. Yazılarda diqqətə çatdırılır ki, Azərbaycan Prezidenti İlham Əliyevin uzun illər boyu ölkənin iqtisadi qüdrətinin artması, beynəlxalq əlaqələrin möhkəmlənməsi, ordunun ən müasir silah və hərbi texnologiyalarla təmin edilməsi istiqamətində gördüyü tədbirlər müharibədə Qələbə üçün zəmin olub. Arsenalında köhnə sovet silah və texnikası olan, iqtisadiyyatı çökən və buna rəğmən aqressiv bəyanatlara, habelə hərbi təxribatlara ara verməyən Ermənistan isə məğlubiyyətə məhkum idi.
Məqalələrdə qeyd olunur ki, bütün dünya bu ədalətli müharibədə işğala məruz qalmış Azərbaycanın mövqeyini dəstəklədi. Hərbi Zəfərin ardından siyasi Qələbə gəldi və müharibədə məğlub olan Ermənistan işğal etdiyi daha 3 rayonu da boşaltmağa məcbur edildi. Diqqətə çatdırılıb ki, iqtisadi cəhətdən Ermənistandan qat-qat üstün göstəricilərə malik olan Azərbaycanın öz Silahlı Qüvvələrini müasir silahlarla və hərbi texnologiyalarla təmin etməsi “Global Firepower-2020” indeksində də əksini tapıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə