SİYASƏT
Misirli senator: Əminəm ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın beynəlxalq nüfuzu daha da artacaq
Qahirə, 24 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası müstəqillik illərində beynəlxalq arenada böyük nüfuz qazanıb. Əminəm ki, görkəmli siyasi və dövlət xadimi İlham Əliyevin liderliyi ilə Azərbaycanın bu mövqeyi daha da möhkəmlənəcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Misir Senatının üzvü Salva əl-Hadat söyləyib. Xanım senator əlavə edib: “Bu gün Azərbaycan xalqı öz sevimli Prezidentinin 60 illik yubileyini böyük ruh yüksəkliyi ilə qeyd edir. Bu təntənə tamamilə təbiidir. Bir tərəfdən, Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan qüdrətli iqtisadiyyata malik, xalqın rifahı təmin olunmuş ölkəyə çevrilib. Digər tərəfdən, dövlət başçısının düşünülmüş siyasəti nəticəsində ölkənin ərazi bütövlüyü təmin olunub. Prezident İlham Əliyev qlobal dünyanın yeni çağırışları fonunda Azərbaycanın beynəlxalq siyasət prioritetlərini düzgün müəyyənləşdirə bilib. Bu, ilk növbədə, sülhün və təhlükəsizliyin təmin olunması, dünyadakı aktual problemlərin həllinə töhfə verməkdən ibarətdir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə bəşəriyyət üçün vacib olan bir sıra məsələlərin həlli istiqamətində mühüm təşəbbüslərlə çıxış edib. Onun bu fəaliyyəti müxtəlif ölkələrin liderləri, o cümlədən Misir rəhbərliyi tərəfindən böyük rəğbətlə qarşılanıb.
Prezident İlham Əliyev, eyni zamanda, böyük qurucu dövlət xadimidir. Mən buna Bakıya səfərim zamanı bir daha əmin oldum. Möhtəşəm binalar, abad yollar və parklar, yüksək nizam-intizam, təmizlik və insanların rifahı məndə xoş təəssürat yaratdı. Dövlət başçısının səyləri nəticəsində Azərbaycanın regionları da cənnətə çevrilib. Deyə bilərəm ki, Bakı Yaxın Şərqin ən gözəl şəhərlərindən biridir və bu inkişaf öz xalqını, ölkəsini çox sevən Prezident İlham Əliyevin gərgin zəhmətinin bəhrəsidir”.
Sonda qalib xalqın sərkərdəsi, müdrik dövlət xadimi İlham Əliyevi yubileyi münasibətilə ürəkdən təbrik edən senator dost Azərbaycan xalqına onun rəhbərliyi altında sülh, əmin-amanlıq və rifah arzulayıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə