“Mobil nömrədaşıma” xidməti ilə bağlı məlumat bazası yaradılıb
Bakı, 2 iyun, Xatirə Cəfərova, AZƏRTAC
Açıq Hökumət Məlumatları portalında (data.gov.az) "Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” məlumat bazası yaradılıb və bunun əsasında mobil tərtibat hazırlanıb. Bu xidmət ümumistifadəli telekommunikasiya şəbəkəsi daxilində abunəçinin mobil telefon nömrəsinin (şəbəkə kodu - 050, 051, 055, 070, 077 və nömrəni saxlamaq şərti ilə) bir mobil operatorun şəbəkəsindən çıxarılaraq digərinə daşınmasına imkan yaradır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, xidmətin əsas məqsədi mövcud telekommunikasiya bazarında rəqabətin artırılmasına, operatorlar tərəfindən abunəçilərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsinə, nömrə resurslarından səmərəli istifadənin təmin edilməsinə, istehlakçı hüquqlarının qorunmasına, abunəçilərin daha səmərəli xidmət təklifi təqdim edən operatorun şəbəkəsinə maneəsiz keçməsinə şərait yaratmaqdan ibarətdir.
"Elektron hökumət” portalında yerləşdirilmiş elektron xidmət vasitəsilə mobil nömrənin hazırda hansı mobil operatora daşındığı barədə məlumat əldə etmək mümkündür və bu xidmətdən istifadə etməklə abunəçinin zənginin dəyəri hesablana bilər.
Azərbaycanda “Mobil nömrədaşıma” (MobileNumberPortability) xidməti ötən ildən həyata keçirilir. Bununla əlaqədar, müvafiq normativ hüquqi sənədlər qəbul edilib. Xidmətin fəaliyyəti üçün tələb olunan avadanlıq quraşdırılıb, mobil operatorların şəbəkədaxili yığımları standart formata uyğunlaşdırılıb və aidiyyəti müqavilələr bağlanılıb. Ötən müddət ərzində 18 minə yaxın mobil nömrənin başqa mobil operatora daşınması gerçəkləşdirilib.