İQTİSADİYYAT
Mobil qurğuların “IMEI” kodların qeydiyyat qaydalarına riayət etməyənlər cərimələnəcəklər
Bakı, 1 aprel (AZƏRTAC). Aprelin 1-dən Azərbaycanda “IMEI” (International Mobile Equipment Identification) kodların qeydiyyat qaydalarına riayət etməyənlər cərimələnəcəklər.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki. “IMEI” kodların qara zənbilindən olan qurğularına xidmət göstərən vəzifəli şəxslər 2 min manat, hüquqi şəxslər isə 10 min manat cərimə olunacaqdır. Bu cür hallar təkrar aşkar edildiyi halda cərimələrin məbləği müvafiq olaraq 4 min və 20 min manatadək artacaqdır.
Mobil qurğunun “IMEI” kodunun qeydiyyat sisteminə qoşulmadığı və qurğunun sistemə uyğunlaşdırılmadığı halda vəzifəli şəxslər 5 min manat, hüquqi şəxslər isə 25 min manat cərimə ediləcəklər.
Qeydiyyat 3 kateqoriya üzrə aparılır - ağ, qara və boz siyahı. Ağ siyahıya Beynəlxalq GSM Assosiasiyasının IMEI kodları, qara siyahıya belə bir identifikasiya kodu olmayan qurğular, boz siyahıya isə ağ və qara siyahılara daxil edilməyən qurğular daxildir.
Milli Məclis ötən ilin dekabrında “IMEI” kodlar üzrə mobil qurğuların qeydiyyat sisteminin tətbiqi ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinə əlavələr etmişdir.