MOLDOVA VƏ GÜRCÜSTANDAN ŞƏRAB İDXALI MƏHDUDLAŞDIRILACAQ
Rusiya istehlakçıların hüquqlarının müdafiəsi və insanın rifahı sahəsində nəzarət üzrə Federal Xidmətin (Rusistehlaknəzarət) rəhbərliyi təsdiq etmişdir ki, Gürcüstan və Moldovadan keyfiyyətsiz şərablar idxalı nəticəsində bazarda son dərəcə həyəcanlı vəziyyət yaranmışdır. Onişşenko demişdir: “Bu şərabların təhlükəsizlik göstəriciləri normalara uyğun deyildir. Onların kimyəvi tərkibində ağır metallar və pestisidlər aşkara çıxarılmışdır”.
Rusistehlaknəzarətin alkohol bazarında apardığı yoxlama göstərmişdir ki, sağlamlıq üçün təhlükəli olan surroqatları şərab və brendi təchizatçıları Rusiyaya ən çox MDB ölkələrindən, Çili və Argentinadan gətirirlər. Son dörd ildə tərkibində zəhərli maddələr olan alkohollu məhsulun payı 2002-ci ildəki 2,6 faizdən 2005-ci ildə 3,6 faizədək artmışdır. Keçən il yoxlamalar nəticəsində 1 milyon 300 min litrdən çox alkohollu məhsul çıxdaş edilmişdir ki, bunun da təxminən 267 min litri idxal məhsulu idi.
İlkin məlumata görə, 2005-ci ildə Rusiyada keyfiyyətsiz alkohollu içkilərlə zəhərlənmə nəticəsində təxminən 36 min adam ölmüşdür.