Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı Almaniyanın Bonn Universitetində tədqiqat aparıb
Bakı, 4 mart, AZƏRTAC
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Rüstəmova Almaniyanın Bonn Universitetinin Bitkiçilik Elmi və Resurslarının Mühafizəsi İnstitutunda elmi ezamiyyətdə olub.
MBBİ-dən AZƏRTAC-a bildirilib ki, məqsəd Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2020-ci ilin əsas qrant müsabiqəsinin qalibi olmuş "Buğdada quraqlığa davamlılığa cavabdeh açar genlərin ekspressiyası ilə metabolom arasında qarşılıqlı əlaqənin müəyyən edilməsi əsasında stresə davamlılıq mexanizminin konseptual modelinin işlənib hazırlanması" layihəsi çərçivəsində buğda genotiplərində DREB geninin sekvens edilərək in silico analizlərinin aparılması olub. S.Rüstəmova buğdanın 3D xromosomunda yerləşən DREB geni üçün spesifik SNP-ləri aşkar edərək onların əsasında genom spesifik praymerlər dizayn edib. Müvafiq ölçülərdə amplikonlar geldən təmizlənərək sekvens olunub. Sekvens məlumatları “DNASTAR Lasergene” bioinformatik proqram təminatının “SeqMan Pro” və “SeqBuilder Pro” proqramları ilə analiz edilib. Yerli genotiplərdə DREB transkripsiya faktoru geni üçün genetik xəritənin yaradılması nəzərdə tutulub.