Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti Gənclər Birliyinin toplantısı keçirilib

Moskva, 29 yanvar, AZƏRTAC
Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti Gənclər Birliyinin toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Moskvanın bir sıra aparıcı universitetlərinin tələbələri, aspirantları, təşkilatın fəalları iştirak ediblər. Toplantıda çıxış edən Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov təşkilatın fəaliyyəti və əsas istiqamətləri barədə qısa məlumat verib, cari il üçün planları təqdim edib.
B.Həsənov gənclərin diasporumuzun ictimai fəaliyyətinin yaxşılaşdırılması üçün təklif və rəylər irəli sürəcəklərinə ümid bəslədiyini bildirib.
Sonra Moskva diasporu rəhbərinin müavini Həşim Əliyev Rusiya Gənclərin İşləri üzrə Federal Agentliyi, Rusiya Prezidenti, Moskva merinin və digər təşkilatların təklif etdikləri qrant layihələri ilə görüş iştirakçılarını tanış edib. O, gəncləri bu fürsətlərdən geniş istifadə etməyə, ictimai həyatda fəal iştiraka çağırıb. Səmərəli müzakirələr zamanı çoxlu maraqlı təkliflər, ideyalar, layihələr irəli sürülüb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva