ELM VƏ TƏHSİL
Moskvada Azərbaycan və Rusiya arasında humanitar əməkdaşlığa həsr olunan konfrans keçirilir
Bakı, 24 oktyabr, AZƏRTAC
Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə oktyabrın 24-də Rusiyanın paytaxtı Moskva şəhərində Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası və Rusiya Dövlət Humanitar Universitetinin (RDHU) birgə təşkilatçılığı ilə “Rusiya və Azərbaycan arasında humanitar əməkdaşlıq: mənəvi-tarixi ənənələr və müasirlik” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransın əsas məqsədi sürətlə qloballaşan dünyada Avrasiya məkanında tarixi kökləri olan adət-ənənələrin, mədəni irsin qorunması yollarını müzakirə etmək, eləcə də bu sahədə indiyə qədər mövcud olan təcrübə mübadiləsinin əsasını qoymaqdır. Konfransın digər məqsədi isə sözügedən məkanda mövcud ənənələrin müasir dövlətçiliyə müsbət və mənfi təsiri ilə bağlı fikir mübadiləsi aparmaqdır.
Tədbirin açılış mərasimində çıxış edən RDHU-nun prorektoru İrakli Bolkvadze, Beynəlxalq İnkişaf Assosiasiyasının İdarə Heyətinin sədri Elçin Əsgərov, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov, AMEA Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə çıxış edərək, bu münasibətlərin həm mənəvi bağların saxlanılmasında, həm də regional inteqrasiya proseslərinin inkişafı baxımından vacib olmasını vurğulayıblar.
Daha sonra RDHU prezidenti Yefim Pivovarın, Rusiya Dövlət Duması MDB ölkələri ilə İş üzrə Komitəsinin sədri Leonid Kalaşnikovun konfrans iştirakçılarına təbrik müraciəti oxunub.
Konfransın plenar iclasında iştirak edən Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Tədqiqatlar Mərkəzinin əməkdaşı Fərizə Ramazanova, rusiyalı ekspertlər Qriqori Trofimçuk, Rezeda Qalixuzina, rusiyalı tarixçi professor Mixail Muxin həm təmsil etdikləri ölkələrdə, həm də Avrasiya məkanında qloballaşmanın yaratdığı neqativ tendensiyalara qarşı davam gətirmək üçün milli-mənəvi dəyərlərin qorunmasının vacibliyindən bəhs ediblər.
İştirakçılar Rusiya-Azərbaycan münasibətlərinin bugünkü durumu, keçmişə münasibət və perspektivlər, gələcək əməkdaşlığın ortaq nöqtələri, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı göstərilməli mövqe məsələlərinə toxunublar.
Konfrans işini davam etdirir.