MOSKVADA AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 90 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Moskva Millətlər Evində “Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 90 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
Konfransı açan Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti, “Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin sədri professor Tofiq Məlikov müsəlman Şərqində ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən danışaraq, həmin dövrün əsas məqamları və gələcək demokratik dövlət quruculuğunda onun əhəmiyyəti üzərində ətraflı dayanmışdır.
Konfransda çıxış edən yazıçılar Çingiz Hüseynov, Rudolf İvanov, tarixçi və politoloqlar Solmaz İbrahimova, Ramiz Abutalıbov, İsmayıl Ağakişiyev və başqaları vurğulamışlar ki, respublikanın 23 ay yaşamasına baxmayaraq, onun təcrübəsi Azərbaycanın gələcək inkişafına çox böyük təsir göstərmişdir. İlk dəfə döyüş qabiliyyətli Azərbaycan ordusu yaradılmış, Bakı Universiteti açılmış, azərbaycanlı gənclər ən aparıcı xarici ali təhsil müəssisələrinə oxumağa göndərilmişdir.
Azərbaycanın RF-dəki səfirliyinin müşaviri Ağalar Atamoğlanov çıxışında xüsusi vurğulamışdır ki, Azərbaycan ziyalılarının qabaqcıl nümayəndələrinin, Xalq Cümhuriyyəti banilərinin, ictimai-siyasi xadimlərinin başladıqları işlər, planlaşdırdıqları layihələr hazırda müstəqil Azərbaycan Respublikası tərəfindən uğurla həyata keçirilir. Diplomat demişdir: “XX əsrin axırında yeni tarixi şans əldə etmiş ölkəmiz Xalq Cümhuriyyəti dövründən fərqli olaraq, ağır şəraitdə öz suverenliyini və müstəqilliyini qoruyub saxlaya bilmişdir. Ümummilli lider Heydər Əliyev başda olmaqla, Azərbaycan dövlətçiliyinin müdafiəsi sahəsində qətiyyətli addımlar atılmış, ölkədə davamlı ictimai-siyasi sabitlik bərqərar edilmiş, dövlətimiz strateji inkişaf yoluna qədəm qoymuşdur. Hazırda bu xətti Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir”.