MOSKVADA “HEYDƏR ƏLİYEV.TALEYİN GƏRDİŞİ” KİTABI ÇAPDAN ÇIXMIŞDIR
Kitabın müəllifi Nikolay Zenkoviç Rusiyanın ən tanınmış yazıçılarından, çox sevilən sənədli əsərlərin müəlliflərindən biridir. Son 15 ildə bestsellerlər siyahısını tərk etməyən, geniş yayılmış 38 adda kitab onun qələminin məhsuludur.
“Heydər Əliyev. Taleyin gərdişi” kitabı 5 fəsilddən ibarətdir: “Heydər Əliyev və Sov.İKP”, “Heydər Əliyev və SSRİ”, “Heydər Əliyev və DTK”, “Heydər Əliyev və Azərbaycan”, “Heydər Əliyev və əbədiyyət”. Bu fəsillərdə müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin çoxşaxəli və titanik fəaliyyəti əks olunmuş, yüksək dövlət vəzifələrindəki işi, həyata, ailəsinə münasibəti təsvir edilmişdir. Kitaba Sov.İKP MK Siyasi Bürosunun Dağlıq Qarabağ problemi ilə bağlı məsələlərin müzakirə olunduğu iclasları haqqında ilk dəfə dərc edilən sənədlər də daxildir. Həmin sənədlərdən ölkənin ali rəhbərliyindən kimin bu məsələyə necə münasibət göstərməsi məlum olur. Bu təsəvvürləri Siyasi Büro üzvlərində kimin formalaşdırması isə xüsusilə maraqlıdır.
Kitabın nəşrinə kömək göstərən əməkdar hüquqşünas, RF Təhlükəsizlik Akademiyasının akademiki Eldar Sərdarov demişdir ki, bu nadir kitabdır və müəllifin adı təkcə Azərbaycanda deyil, həm də bütün dünyada iftixar və heyranlıqla çəkilən Heydər Əliyevin yaddaqalan obrazını yaratmaq baxımından uğurlu cəhdidir. Müəllif Heydər Əliyev şəxsiyyətinin miqyasını, onun güclü xarakterini, taleyin zərbələrinə sinə gərmək bacarığını göstərə bilmişdir. E.Sərdarov vurğulamışdır ki, əsər mötəbərliyi baxımından da nadirdir. Nikolay Zenkoviç sovet dövründə Sov.İKP MK-nın ən mühüm bölmələrindən birinin rəhbəri idi. Siyasi Büronun və MK Katibliyinin bütün iclaslarında iştirak edir, onların işi haqqında sovet mətbuatı və xarici mətbuat üçün məlumat hazırlayırdı.