MOSKVADA “İRS” JURNALININ NÖVBƏTİ NÖMRƏSİ ÇAPDAN ÇIXMIŞDIR
Jurnalın baş redaktoru Musa Mərcanlı ənənəvi redaktor guşəsində gedən “Təhqir olunmuş Şuşa, qoy sənin nurun kafirləri və zalımları kor etsin” sərlövhəli məqaləsində təkcə Azərbaycanın əzəli torpaqlarına qəsdlə kifayətlənməyib, tariximizi və mədəniyyətimizi saxtalaşdırmağa can atan Ermənistanın xəyanətkar siyasətindən danışır. Məqalə işğal altındakı Şuşada çəkilmiş nadir fotoşəkillərlə müşayiət olunur. Bu şəkillərdə vaxtilə cənnət guşəsi kimi tanınan Şuşanın dağıdılmış, cansız məhəllələri görünür.
Ermənistanın Azərbaycana qarşı təcavüzü mövzusu “İki respublika” məqaləsində davam etdirilir. Politoloq Rəhman Mustafazadənin Moskvada çapdan çıxan kitabından götürülmüş parçada XIX-XX əsrlər tarixindən, Azərbaycanın ilk Qarabağ xanlığının Rusiyaya birləşdirilməsindən tutmuş ta müasir dövrümüzədək zaman kəsiyini əhatə edən arxiv materialları verilir. “Ermənistan-Azərbaycan münaqişəsi: öz müqəddəratını təyin etmək hüququ, milli azlıqlar və ayrılma problemi” məqaləsində Dağlıq Qarabağ münaqişəsi təhlil olunur.
Bu nömrədə tarixçi Nəcəf Müseyiblinin “Əsrin müqaviləsi”: gələcək dərk edilmiş keçmişdir” məqaləsi də diqqəti cəlb edir. İllüstrasiyalarla verilən məqalədə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz kəmərlərinin dəhlizi boyunca aparılan arxeoloji qazıntılar zamanı tapılan daş kitabələrdən, daş və sümükdən düzəldilmiş əmək alətlərindən, metal məmulatından, gil qablardan, habelə gil və sümükdən hazırlanmış antromorf və zoomorf fiqurlardan söhbət açılır.
“Millətin sərvəti bəşəriyyətin sərvətidir”, “Yer kürəsinin quruluşu haqqında elm və Quran”, “Can Azərbaycan... Caz Azərbaycan!!!” məqalələri də son dərəcə maraqlıdır və Rusiya oxucularına ölkəmizlə yaxından tanış olmağa imkan verir.
“Azərbaycan markaları” məqaləsində Azərbaycanın nadir markalarından, o cümlədən ümummilli liderimiz Heydər Əliyevin təsvir olunduğu markadan, habelə diyarımızın zəngin tarixindən danışılır.