MOSKVADA “İRS” JURNALININ QARABAĞ PROBLEMİNƏ HƏSR OLUNMUŞ XÜSUSİ BURAXILIŞI ÇAPDAN ÇIXMIŞDIR
“Qarabağ: hərəkət etmək vaxtıdır” adlı redaksiya məqaləsində jurnalın baş redaktoru Musa Mərcanlı yazır ki, Ermənistanın Azərbaycana qarşı xaincəsinə təcavüzünün tarixdə analoqu yoxdur. İşğal olunmuş Azərbaycan torpaqları Ermənistan tərəfindən ya nüvə tullantılarının basdırıldığı ölü zonaya, yaxun da narkotiklər tranziti zonasına çevrilir. Müəllif yazır ki, türk-müsəlman, habelə alban xristian mədəniyyətlərinə aid abidələr yer üzündən silinir, regionun təkrarolunmaz flora və faunası məhv edilir. Məqalədə deyilir: “Hətta Böyük Vətən müharibəsi illərində faşistlər də insanlığa və təbiətə qarşı belə təcavüzkar olmamışdılar”.
Jurnalda “Qarabağ Azərbaycanın qəlbidir”, “Tayfadaşları və müasirləri tərəfindən ermənilərə verilən xarakteristika”, “Erməni terrorizmi Qərb politoloqlarının gözü ilə”, “Sovet dövründə ermənilərin Qarabağa əsassız iddiaları” və digər mövzularda məqalələr dərc olunmuşdur.
Erməni millətçiliyinin və millətçi-separatçı saxtakarlığın əsil mahiyyətini üzə çıxaran təhlil xarakterli materiallar da verilmişdir. Bütün məqalələr elmi məlumatlara əsaslanır və tarixi faktlarla zəngindir.
“Ermənilərin soyadları və adları barədə bir neçə söz” məqaləsi xüsusilə diqqəti çəkir. Məqalədə deyilir ki, bu adların kökləri Azərbaycan, türk, ərəb və fars mənbələrinə gedib çıxır. “Erməni diasporu: əfsanələr və reallıq” məqaləsi də çox maraqlıdır.