MOSKVADA NAXÇIVANSKİ KÜÇƏSİ
AZƏRTAC xəbər verir ki, Ümumdünya Rus Xalq Yığıncağının (ÜRXY) nümayəndələri Moskvanın və ya Sankt-Peterburqun küçələrindən birinə II Nikolay dövrünün azərbaycanlı sərkərdəsi Hüseyn Xan Naxçıvanskinin adının verilməsinə tərəfdar çıxmışlar.
“Rus sahibkarı” fondunun prezidenti, ÜRXY Yekaterinburq bölməsinin həmsədri Sergey Pisarev demişdir: “Təkcə şəhər və kəndlərimizi cinayətkarların adlarından təmizləmək deyil, qəhrəmanların və mücahidlərin adlarını da əbədiləşdirmək vacibdir. O dövrün, məsələn, Hüseyn Xan Naxçıvanski kimi diqqətəlayiq tarixi xadimləri vardır”.
O bildirmişdir ki, Hüseyn Xan istedadlı və dövlətə sədaqətli sərkərdə olmuş, II Nikolay taxt-tacdan əl çəkəndən sonra Müvəqqəti hökumətə and içməkdən imtina etmiş, 1919-cu ildə isə Petropavlovsk qalasında bolşeviklər tərəfindən güllələnmişdir. Sergey Pisarev demişdir: “Belə heyrətamiz sədaqət və əqidə faktını ictimaiyyətə çatdırmaq lazımdır. Nə üçün də Moskvanın və ya Sankt-Peterburqun küçələrindən birinə Xan Naxçıvanskinin adı verilməsin?”.