Moskvada sənaye nümunələrinin qorunması məsələləri müzakirə olunub
Bakı, 20 dekabr, AZƏRTAC
Moskvada Avrasiya Patent Təşkilatı (APT) çərçivəsində sənaye nümunələrinin qorunması sisteminin yaradılması üzrə işçi qrupunun 4-cü iclası keçirilib. İclasda Azərbaycanı Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktor müavini Emil Məmmədov təmsil edib.
Əqli Mülkiyyət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, APT-nin İnzibati Şurasının tapşırığı ilə keçirilən toplantıda Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistandan nümayəndələr iştirak ediblər.
Toplantıda APT çərçivəsində sənaye nümunəsi üzrə iddia sənədinin ekspertizası müddətinin azaldılması məsələsi və bir sıra digər dəyişikliklər müzakirə edilib və razılaşdırılıb. İşçi qrupunun qərarı ilə dəyişikliklərlə birlikdə razılaşdırılmış sənaye nümunələrinin qorunmasına dair protokolun APT-nin üzv ölkələrinə göndərilməsi tövsiyə olunub.