CƏMİYYƏT
MŞ-nin nümayəndəsi: Sağlam informasiya mühiti üçün tənqidi düşüncə və məlumatlılıq vacibdir
Bakı, 11 oktyabr, AZƏRTAC
Dezinformasiya təkcə ictimai rəyə təsir göstərməklə qalmır, həm də sosial və siyasi sabitliyi sarsıda, insanların təhlükəsizlik hissini zədələyə bilər. Azərbaycanda dezinformasiya müxtəlif mənbələrdən yayılır. Sosial media platformaları dezinformasiyanın əsas yayılma kanallarıdır. Bu platformalar vasitəsilə fərdlər və ya qruplar yalan məlumatlar yayaraq ictimaiyyətdə çaşqınlıq yarada bilərlər. Ənənəvi media da bəzən təsadüfi və ya məqsədli şəkildə yanlış məlumatları yaymaqda rol oynaya bilər. Xarici təsirlər də ölkəmizdə dezinformasiyanın yayılmasında mühüm rol oynayır. Bəzi hallarda başqa ölkələrdən yayılan dezinformasiyalar Azərbaycan cəmiyyətində gərginlik yaratmağa və ya siyasi proseslərə təsir etməyə çalışır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli oktyabrın 11-də Bakı Biznes Mərkəzində “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda keçirilən konfransda “Dezinformasiya ilə mübarizədə tətbiq edilən mexanizmlər: inzibati və hüquqi modellər” adlı məruzəsi ilə çıxışı zamanı səsləndirib.
M.Ələsgərli qeyd edib ki, internetin və sosial medianın sürətli inkişafı ilə yanlış məlumatların cəmiyyətə təsiri güclənib. Dezinformasiya cəmiyyətə, sosial ədalətə və həqiqətə ciddi zərər vurur. Buna görə də həm dövlət, həm də media qurumları bu məsələ ilə bağlı səmərəli mexanizmlər tətbiq etməlidirlər. Bu mexanizmlər əsasən iki əsas istiqamətdə – inzibati və hüquqi modellər çərçivəsində həyata keçirilir: “İnzibati modellər vasitəsilə media qurumlarının fəaliyyətinə nəzarət edilərək, onların dezinformasiya yaymasının qarşısı alınır. Bu modellərdə media mənsublarının məsuliyyətliliyi artırılır və ictimaiyyəti məlumatlandırma funksiyasını dürüst və obyektiv şəkildə yerinə yetirmələri tələb olunur. Hüquqi modellər isə dezinformasiya ilə mübarizədə daha ciddi ölçülərin tətbiqini nəzərdə tutur. Bu model çərçivəsində qanunvericilik bazası gücləndirilir, media mənsublarının hüquqi məsuliyyəti artırılır və dezinformasiya yayılması halında cəzalandırıcı tədbirlər həyata keçirilir.
“Azərbaycanda dezinformasiya ciddi bir problem olaraq qalmaqda davam edir, lakin dövlət və vətəndaş cəmiyyəti bu problemlə mübarizə aparmaq üçün müxtəlif tədbirlər görür. Qanunvericilik, texnoloji nəzarət və ictimai maarifləndirmə bu sahədə əsas vasitələrdir. Bütün bu tədbirlər medianın peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, informasiya təhlükəsizliyinin təmin edilməsinə və cəmiyyətin doğru məlumat əldə etmə hüququnun qorunmasına xidmət edir. Cəmiyyətdə sağlam informasiya mühiti yaratmaq üçün təkcə qanuni tədbirlər kifayət deyil, həmçinin vətəndaşların məlumatlı və tənqidi düşüncə tərzi formalaşdırılmalıdır”, - deyə Müşfiq Ələsgərli əlavə edib.