MÜASİRLƏRİMİZ
İRƏLİYƏ VƏ... ULDUZLARA DOĞRU...
Deyəsən, bəşəriyyət nəhayət başa düşmüşdür ki, üçüncü minillikdə sivilizasiyanın taleyi ümumbəşəri harmoniya yaratmağa qadir olan inteqrasiyadan, yəni bir-birini qarşılıqlı surətdə zənginləşdirməkdən, qarşılıqlı fayda götürməkdən asılı olacaqdır.
Keçən əsrin axırlarında hər bir dövlət Məkan və Zaman fəlsəfəsi haqqında özünün dünyaya baxışında və siyasətində mövcud olan təsəvvürləri kökündən dəyişmək tələbi ilə üzləşmişdi. Məkan və Zaman anlayışlarına münasibətdə dəyişiklik həmişə olmuşdur. Lakin XX əsrin sonunda bu münasibətlərdə hansı konkret dəyişikliklərin baş verməsi hələ dərkedilmə mərhələsindədir...
Azərbaycan xalqının bəxti gətirib: xalqımızın böyük oğlu Heydər Əliyev həmin dəyişiklikləri hiss edə və onları özünün praktik fəaliyyətində tətbiq edə bilmişdir. Siyasət dahisi, dərin intellektə malik olan bu insanın inteqrasiya strategiyası bu prosesin Azərbaycan modelinə çevrilərək, biri digərini əvəzləyən epoxaların fövqündə dayanan əbədi və həmişə aktual bir irs kimi tarixdə qalacaqdır...
Məlumdur ki, minilliklər boyu Zaman Məkanı üstələmişdir. Lakin nə qədər paradoksal görünsə də, indiki dövrdə Məkan Zaman üzərində hökmranlıq şansını həyata keçirir. Axı, indi bəşəriyyət təkcə ərazi məkanında deyil, çox vaxt lokal və statik xarakter daşıyan məkandan fərqli olaraq, həddən artıq dinamik siyasi, iqtisadi, informasiya, mədəni, hüquqi, hərbi, sosial, mənəvi və başqa inteqrasiya məkanlarında mövcuddur. Virtual reallıq olan bu məkanlarda sərhəd yoxdur, onlar şəffafdır...
Tarixən mövcud olan bioloji, kosmik və fiziki zaman ritmlərinin fövqündə formalaşmış inteqrasiya məkanlarında müxtəlif sürət ritmlərinin harmoniyasını təmin etməkdən ötrü, “aritmiya”ya yol verilməməsi üçün Zamanın fövqündə dayanmaq lazımdır. Heydər Əliyev bunu etməyi bacardı, məhz onun sayəsində Azərbaycan inteqrasiya məkanının çoxşaxəli şəbəkəsinə “öz naxışlarını vuraraq”, bu məkanın tamhüquqlu üzvü statusu aldı...
Maraqlı fikirlərdir, elə deyilmi? Əlbəttə, təkcə hansısa konkret ərazidə deyil, Zaman daxilində reallaşdırılan praktik işlərlə fasiləsiz zənginləşmə tələb edən müxtəlif inteqrasiya məkanlarında insanların həyatı ilə bağlı olan bu məsələ bizim çoxumuzu və yəqin ki, ilk növbədə alimləri maraqlandırır. Yuxarıda deyilən fikirlər də Azərbaycan Respublikası Milli Məclisinin insan hüquqları daimi komissiyasının sədri, fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanovaya məxsusdur.
Bu yaxınlarda Rəbiyyət xanımla görüşdük, iki saata yaxın davam edən söhbətimiz zamanı o, öz mülahizələrini həvəslə bölüşdü. Rəbiyyət xanım əmindir ki, əgər Zamanın Məkana dinamik transformasiyası olmasa, müasir dövlət özü-özünü təcrid edər, real dünyaya sanki paralel olan Kainatda mövcud olar, sadə dildə desək, Zamanın arxasınca “sürünməyə” məcbur olar...
Bu tezisin mahiyyətinə dərindən vardıqca, baş verən proseslərin məhz bu cür izahına inam da bir o qədər artır...
Açığını deyim ki, Rəbiyyət xanımla görüşümüzün uzun çəkməsini heç hiss etmədim, son dərəcə qeyri-standart təfəkkürə malik, dünyada çox məsələlərə özünün məxsusi baxışları ilə seçilən bu insanı dinləmək həqiqətən maraqlı idi.
Lakin Rəbiyyət Aslanova barədə söhbət açmaq istəyim heç də təkcə bununla bağlı deyildi.
Rəbiyyət xanımla ünsiyyətdə olanların ümumi fikrinə görə, o, ədalətlilik, xeyirxahlıq kimi yüksək insani keyfiyyətləri ilə fərqlənir, etibarlı, sözünün ağası olan adamdır. Bütün bunların xüsusən deputat üçün, özü də insan hüquqları komissiyasına başçılıq edən deputat üçün nə qədər vacib olması aydındır. Yəqin elə buna görədir ki, balakənlilər - onun Böyük Vətən müharibəsi iştirakçısı olmuş polkovnik atasının həmyerliləri Rəbiyyət xanımı iki dəfə Milli Məclisə seçiblər. Bununla belə, o, bütün nöqsanları bağışlamaq xasiyyətini qəbul etmir, təəssüf ki, həyatda hələ də rastlaşdığımız alçaqlıqlara qarşı barışmazdır. Fikirlərimi təsdiqləmək üçün konkret fakt göstərə bilərdim, lakin qəhrəmanımın, necə deyərlər, dərdini təzələmək istəmirəm. Həqiqətən xeyirxah olan, yaxşılığı əsla mücərrəd anlayış hesab etməyən bu insan bəzən sərtlik göstərmək lazım gələndə özünü pis hiss edir.
Rəbiyyət xanım deyir ki, belə hallar az-az olur. Mən ətrafımdakı insanlarla, bütövlükdə öz taleyimlə və ən başlıcası, özüm-özümlə dil tapmağı bacarıram. Əlbəttə, bu, asan deyil, səy göstərməlisən, bilməlisən ki, sənə nə lazımdır və buna necə nail olmaq mümkündür.
Onu həyatda irəlilədən həmişə öz arzuları olmuşdur. Rəbiyyət xanım arzu anlayışını çox özünəməxsus tərzdə izah edir. Ondan ötrü arzu gələcəyin verdiyi impulslardır. O inanır ki, bu impulsları qəbul etməklə öz arzusuna çatacaqdır. Əks halda, arzu elə arzu olaraq qalacaqdır. Belə çıxır ki, gələcək insanı sınağa çəkir, onun həmin impulsları tuta biləcəyini, onları anlaya biləcəyini yoxlayır. Bəlkə də buna görədir ki, Rəbiyyət Aslanovaya sabahkı gün daha yaxındır. Sabah - məchulluq deməkdir, məchulluq isə həmişə insanı şirnikləndirir...
Rəbiyyət Kəlbəcərdə anadan olmuşdur. Onu da deyək ki, hərbi qulluqçu olan atası Nurulla Murtuzəliyev əslən şeyx Şamilin nəslindən idi. Rəbiyyət valideynləri ilə birlikdə respublikanı qarış-qarış gəzmişdir. Təzə sinfinə, təzə dostlarına yenicə alışmağa başlayanda, yenə başqa yerə köçmək lazım gəlirdi. O, orta məktəbi Bakıda bitirdi. Anası Həqiqət xanım qızını həkim görmək istəyirdi. Axı, Şuşada Vəzirovlar nəslinin çoxu həkim idi. Amma Rəbiyyət anasının arzusuna rəğmən Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil oldu. Onun bu qərarı heç də təsadüfi deyildi. Rəbiyyət həmişə ictimai xadim olmaq istəyirdi və tarix fakültəsi belə bir imkan əldə etmək üçün ən münasib fakültə idi. Ali məktəbi fərqlənmə diplomu ilə bitirdi və onu universitetdə müəllim kimi saxladılar.
Rəbiyyət xanım özünün ilk mühazirələrini, ilk həyəcanlarını hələ də xatırlayır, ilk tələbələrinin, ilk həmkarlarının adlarını çəkir, onlar haqqında hərarətlə və fəxrlə danışır. Məsələn, bir müddət onunla birgə işləmiş gözəl mütəxəssis, olduqca savadlı, ağıllı, həssas bir insan kimi səciyyələndirdiyi Nailə xanım Fərhadovanın adını böyük hörmətlə çəkdi. Bunu eşitmək mənə xüsusilə xoş idi. Çünki mən hələ Rəbiyyət xanımla görüşənə qədər Nailə xanım da onu təxminən elə bu cür səciyyələndirmişdi.
Bakı Dövlət Universiteti Rəbiyyət Aslanovanın ikinci evi oldu. Bu evdə o, ilbəil böyüyürdü, kafedranın laborantı vəzifəsindən professorluğa qədər irəliləmişdir. O, burada aspiranturaya daxil olmuş, namizədlik, sonra isə doktorluq dissertasiyası müdafiə etmişdi. Elmi yaradıcılıqla yanaşı, həmişə ictimai işlərlə məşğul olurdu, gənclərlə çox işləyir, “Bilik” cəmiyyəti xətti ilə mühazirələr oxuyurdu. Bir sözlə, onun məşğuliyyətləri bir-birini tamamlayırdı.
Bütün bu illər boyu Rəbiyyət xanım nə elmdən ayrılmışdır, nə də müəllimlik fəaliyyətindən. Onun əsas maraq dairəsi din tarixi və kulturologiya məsələləri idi. İndi isə dünya fəlsəfəsi tarixinə dair mühazirələr oxuyur.
Yəqin oxucu soruşacaq ki, bəs deputat işi? Xalq elçisi bu işə heç də az əhəmiyyət vermir. Aslanovanın fikrincə, indiki deputatlar da əvvəlkilərdən fərqlənir, seçicilər də. Deputat hökmən öz işinin peşəkarı olmalıdır, öz vəzifələrinə başqalarından fərqli şəkildə yanaşır. Seçicilər də dəyişib, deputatın vəzifəsini düzgün başa düşdüklərindən, ona yalnız qlobal xarakterli məsələlərlə əlaqədar müraciət edirlər. Əlbəttə, əgər vətəndaş hüquqları kobud şəkildə pozulmuşdursa, deputat dərhal bu məsələyə müdaxilə edir və öz sözünü deyir. Hər ay Aslanovanın imzası ilə müxtəlif instansiyalara 70-dək məktub göndərilir. Deputat insan hüquqları komissiyasına rəhbərlik edirsə, bu cür müraciətlərin sayı daha çox ola bilər.
Aslanovanın sədri olduğu daimi komissiyanın 12 üzvü var, onların yarısı müxalifət nümayəndələridir. Ümumi fikrə görə, gündəliyə çıxarılan məsələdən asılı olmayaraq, - istər Seçki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi məsələsi olsun, istər Sərbəst toplaşmaq azadlığı haqqında qanun ... , - Rəbiyyət xanım bu komissiyada konstruktiv iş aparmağa imkan verən ab-hava yarada bilmişdir.
Ola bilsin ki, bunun daha bir səbəbi var: Rəbiyyət xanım etiraf edir ki, eynilə özü kimi düşünən adamlar ondan ötrü maraqlı deyil. Bunu daxilən qəbul edə bilmir və aralarında psixoloji uyuşmazlıq yaranır. Ona həmişə təzə informasiya lazımdır və bunu almayanda məyus olur. Lakin təəccüblənməyin, belə hallarda o, hətta müəyyən məmnunluq da hiss edir - axı o, özünü hansısa gərəksiz bir şeydən xilas edə bilmişdir...
Əlbəttə, Rəbiyyət Aslanovanın həyatında çətin anlar da olmuşdur. Lakin o, keçmişdə baş vermiş xoşagəlməz hallar barədə danışmağı sevmir, belə məsələlərə də onun öz münasibəti var. Onun fikrincə, insanın keçmişdə hiss etdiyi ağrılar onun yaddaşında sevinc anlarından daha dərin iz qoyur. Bu isə həm insanın enerjisinə, həm də mənəvi qüvvəsinə ziyan gətirir. Keçmişdə baş vermiş xoşagəlməz hallardan bərk-bərk yapışmaq olmaz, bu, dağıdıcı təsir göstərir. Ona görə də Rəbiyyət xanım sabah nələr olacağı barədə fikirləşir, sabahkı günün çağırışlarını ləyaqətlə qəbul etmək üçün öz qüvvəsini səfərbər edir.
Həyata bu cür münasibət ona həmişə kömək edib. Rəbiyyət Aslanova üç övlad böyüdüb, onlarla fəxr edə bilər: iki oğlu artıq həyatda öz yerini tapmış, hörmətə layiq insanlardır, qızı 9-cu sinifdə oxuyur. Onun da uğurları az deyil - bu yaxınlarda Amerikanın Hyuston şəhərində keçirilən fizika olimpiadasından medalla qayıtmışdır. Bu, ikinci medaldır, birincisini Bosniyada almışdır. Bu ailənin daha bir, bəlkə də əsas üzvü var - Rəbiyyət xanımın nəvəsi. Mən onun fotoşəklini deputat nənəsinin yazı masasının üstündə gördüm.
Yeri gəlmişkən, Aslanovanın Milli Məclisin deputat korpusundakı iş kabineti barədə bir neçə kəlmə demək istərdim. Buradakı kitablar, şəkillər, çiçəklər bu kabinetin sahibi barədə təsəvvür yaradır. “Tez-tez kitab mağazalarına gedirəm. Poeziyanı çox sevirəm...”. Sonra rus şairi Afanasi Fetdən bir neçə misra oxudu. “Təsviri incəsənətə gəldikdə, mən gənc rəssamların əsərlərinə üstünlük verirəm. Onlar daha səmimi və bənzərsizdir...”. Deputatın kabinetinin divarında bir rəsm əsəri də diqqətimi çəkdi. Hansı rəssamın çəkdiyini bilmirəm, amma ona baxdıqca adama elə gəlir ki, şahə qalxan kəhər atlar indicə tablonun çərçivəsindən sıçrayıb çıxacaqlar. Rəbiyyət xanım dedi ki, bu şəkli çox xoşlayır. Bəlkə də dağlar qoynunda doğulmuş qəhrəmanımın damarlarında şeyx Şamil nəslinin qanı coşur?! Yaxud da şəkildəki atlar ona dünyaya göz açdığı, ilk addımlarını atdığı və yenidən hökmən qayıdacağına inandığı Kəlbəcəri xatırladır?!
İş elə gətirdi ki, mən Rəbiyyət xanımın yanında olanda o, bizim qəzetlərin birinin müxbirinə müsahibə verirdi. Söhbət zamanı sırf qadın mövzusuna da toxunuldu - deputat Aslanova qadınların gözəl görünmək, zövqlə geyinmək arzusuna necə baxır, özü mağazalara getməyi xoşlayırmı və s.
Onda öz-özümə fikirləşdim ki, bu suallara cavab almaq üçün Rəbiyyət xanıma baxmaq kifayət deyilmi? Şux qamətli, rəng çalarları zövqlə seçilmiş qəşəng geyimli, hər hərəkətinin və hər sözünün vaxtını və yerini bilən qəhrəmanım çox məlahətli qadındır, adamın gözünü oxşayır. İnsanın xarici gözəlliyi onun daxili gözəlliyinə, mənəvi zənginliyinə uyğun olanda bu, ikiqat sevinc doğurur.
Bir sözlə, AZƏRTAC-ın baş direktoru Aslan müəllimə çox minnətdaram. Məni başqalarına az oxşayan bu qeyri-adi insanla şəxsən tanış olmağa sövq edən o oldu.
Rəbiyyət xanım həyatda nə istədiyini və buna necə nail olmağı bilir. O, insanları sevir və bu sevgi naminə çox şeyə hazırdır. Yaxşılığa və bu yaxşılığın hökmən baş verəcəyinə inanır. Bir də taleyə inanır. Elə buna görə də bu söhbətimi ondan eşitdiyim bir romantik hekayətlə tamamlamaq istəyirəm.
...İnsan yol gedir. Onunla yanaşı isə taleyinin izləri gedir. İnsan elə hey gedir, gedir, yolda çətinliklərlə üzləşir... Lakin taleyi də onunla yanaşı addımlayır. İnsan sanki öz taleyinin səsini eşidir: işlərin düz gətirməyəndə geriyə, mənim izlərimə bax, onda rahatlıq tapacaqsan, mən həmişə səninlə olacağam, biz bütün çətinlikləri birlikdə dəf edəcəyik...
Lakin bir dəfə insan yanındakı izləri görmədi. O yana baxır - izlər yoxdur, bu yana baxır - yenə yoxdur. “Ey mənim taleyim, sən məni tərk etdin?”. “Yox, - deyə tale cavab verir, - indi mən səni əllərimdə aparıram...”.
Bəlkə, həqiqətən irəliyə və ... ulduzlara can atan, hətta bataqlıqda da öz ulduzunu görməyi bacaran, Günəşin şəfəqlərinə sevinən insanları, yəni Rəbiyyət Aslanova kimi təsəvvür etdiyim insanları tale özü əllərində aparır?!...