Müdafiə naziri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub
Bakı, 19 mart, AZƏRTAC
Martın 19-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti Novruz bayramı münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.
Əvvəlcə Müdafiə Nazirliyinin rəhbərliyi hospitalın həyətində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sonra hospitalın bölmə və şöbələrində yaradılmış şəraitlə tanışlıq olub, yaralılara və xəstələrə ixtisaslı tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpuslarına baş çəkilib. Müdafiə naziri Zakir Həsənov və Silahlı Qüvvələrin rəhbərliyi hospitalda müalicə alan əsgər və zabitlərin səhhətləri ilə maraqlanıb, onları bayram münasibətilə təbrik edib.
Müdafiə naziri adından hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və onların tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub.