RƏSMİ XRONİKA
MÜNASİBƏTLƏRİN İNKİŞAFI RAZILIQ DOĞURUR
Heydər Əliyev İsrail-Azərbaycan münasibətlərindən razılıqla söhbət açaraq dedi ki, sizin nümayəndələriniz tez-tez ölkəmizdə olurlar. Azərbaycanda İsrailin səfirliyi fəaliyyət göstərir və mən sizin səfirlə bir neçə dəfə görüşmüşəm, biz ölkələrimiz arasındakı əlaqələrin inkişaf etdirilməsi barədə söhbətlər aparmışıq.
Şimon Peres öz ölkəsinin Azərbaycanla əməkdaşlığa xüsusi maraq göstərdiyini bildirərək dedi ki, İsraildə Heydər Əliyevin oraya səfərini səbirsizliklə gözləyirlər. Nazirin fikrincə, ölkələrimiz arasında bir çox sahələrdə, xüsusən texnologiya, kənd təsərrüfatı, sənaye, mədəniyyət, tibbi xidmət sahələrində əlaqələri inkişaf etdirməyə geniş imkanlar vardır. Nazir dedi ki, biz Azərbaycanın müstəqillik qazanmasını yüksək qiymətləndiririk, əməkdaşlığın inkişafı üçün ölkənizlə hərtərəfli dialoq aparmağa hazırıq.
Azərbaycan Prezidenti dedi ki, bizim qarşımızda həlli vacib olan problemlər hələ çoxdur. Müstəqilliyimizi yenicə əldə etmişik, lakin altı ildir ki, müharibə aparmağa məcburuq. Ərazilərimizin 20 faizindən çoxu işğal olunub, bir milyondan çox azərbaycanlı qaçqın düşüb ağır vəziyyətdə yaşayır.
Heydər Əliyev bildirdi ki, səkkiz aydan çox davam edən atəşkəs rejiminə indən sonra da əməl olunmasına və bu vaxtdan istifadə edərək böyük sülh sazişinin əldə olunmasına çalışırıq. Biz müharibə istəmirik. Beynəlxalq təşkilatların, ayrı-ayrı ölkələrin köməyi ilə bu müharibənin siyasi vasitələrlə başa çatdırılmasını istəyirik.