MÜNXEN OPERA FESTİVALINDA İŞTİRAK EDƏCƏKLƏR
AZƏRTAC Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətinə istinadla xəbər verir ki, Münxen Opera Sənəti Festivalının baş direktoru Lüdviq Bauman teatrın ünvanına məktub göndərmişdir. O, teatrın simfonik orkestrini və aparıcı solisti, əməkdar artist Əvəz Abdullayevi bu mötəbər musiqi festivalına dəvət edir.
Simfonik orkestr Münxen festivalında artıq ikinci dəfədir iştirak edəcəkdir. Musiqiçilərimizin ötənilki uğurlu çıxışlarını bəyənən təşkilatçılar onlarla əməkdaşlığı bu il də davam etdirməyə qərar vermişlər.
İyulun 24-dən avqustun 4-dək davam edəcək səfər çərçivəsində simfonik orkestr C.Verdinin “Traviata”, “Riqoletto” və “Trubadur” operalarının tamaşalarını müşayiət edəcək, avqustun 3-də isə “Qrand Final” konsertinə qatılacaqdır. Teatrın solisti, əməkdar artist Prezident mükafatçısı Əvəz Abdullayev isə “Riqoletto” operasında Riqolettonun partiyasını oxuyacaq, final konsertində dünyanın bir sıra klassik, eləcə də Azərbaycanın dünya şöhrətli bəstəkarları Üzeyir Hacıbəyovun, Qara Qarayevin və Fikrət Əmirovun əsərlərini səsləndirəcəkdir. Orkestri Münxen Opera Sənəti Festivalının baş dirijoru xanım Korneliya Fon Kerssenbrok, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, xalq artisti Cavanşir Cəfərov idarə edəcəklər.
Festivalda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri ilə yanaşı, Münxen Opera Teatrının simfonik orkestri, Avropanın, Latın Amerikasının müxtəlif ölkələrindən, habelə ABŞ və Yaponiyadan ən yaxşı dirijor və vokalçıların da iştirakı nəzərdə tutulur.