DÜNYA
Münxenin mərkəzində silahlı insident nəticəsində ölənlər və yaralananlar var [YENİLƏNİB] VİDEO
Yerli polis silahlı insident nəticəsində 10 nəfərin həlak olduğu, 20-dən çox insanın yaralandığı barədə məlumat yayıb.
Cinayəti Münxendə yaşayan 18 yaşlı gənc törədib. O, insidentdən sonra özünü öldürüb.
00:57
Polisin məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 9-a çatıb.
Silahlı şəxslərin zərərsizləşdirilməsi istiqamətində xüsusi əməliyyat davam edir.
23:52
BBC-nin Münxen polisinə istinadla verdiyi məlumata görə, silahlı insident nəticəsində 6 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.
Hadisəni üç nəfərin törətdiyi ehtimal edilir. Onların axtarışı istiqamətində işlər davam etdirilir.
Polis əhaliyə ictimai yerlərdən uzaq durmağı məsləhət görür.
23:10
Hüquq mühafizə orqanlarının yaydığı məlumatda insidentdən sonra vəziyyətin gərgin olduğu bildirilir, hadisənin terror aktı olması istisna edilmir.
Polisin məlumatına görə, insident “Olimpia” ticarət mərkəzi ilə yanaşı, şəhərin Хanauerştrasse və Risştrasse küçələrində də baş verib.
22:44
Bavariyanın Baş naziri Münxendəki silahlı insidentdən sonra təcili toplantı keçirir.
Hadisə ilə əlaqədar şəhərdə ictimai nəqliyyatın hərəkəti dayandırılıb.
Münxendəki bütün klinikaların tibbi heyəti təcili olaraq işə çağırılıb. Buna səbəb silahlı insident nəticəsində yaralananların sayının artması ehtimalıdır.
22:24
Bakı, 22 iyul, AZƏRTAC
Almaniyanın Münxen şəhərinin mərkəzindəki “Olympia-Einkaufszentrum” ticarət mərkəzində silahlı insident baş verib. Bavariyanın daxili işlər naziri hadisə nəticəsində ölənlərin olduğunu təsdiqləyib. Xeyli sayda yaralının olduğu bildirilir.
Məlumata görə, bir və ya bir neçə silahlı şəxs ticarət mərkəzinə daxil olaraq ətrafa atəş açıb.