Gənclər Kitabxanasının direktoru: Səməd Vurğun irsinin süni intellektlə təqdimatı planlaşdırılır
Bakı, 17 iyun, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının sosial platformalarında Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığı ilə bağlı maraqlı faktlar, şeirlərindən seçmələr, aforizmləri, kitablarının elektron versiyaları və müxtəlif multimedia materialları paylaşılır. Gənclərin klassik ədəbiyyat nümunələrinə və görkəmli şəxsiyyətlərin həyat yoluna böyük maraq göstərməsi nəticəsində, ustad şairlə bağlı paylaşımlar sosial şəbəkə istifadəçiləri tərəfindən rəğbətlə qarşılanır. Bu da bir daha təsdiq edir ki, milli ədəbiyyatımızın təbliği rəqəmsal mühitdə də öz aktuallığını qoruyub saxlayır.
Bu barədə AZƏRTAC-a açıqlamasında Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov məlumat verib.
O diqqətə çatdırıb ki, kitabxana tərəfindən gələcəkdə Səməd Vurğunun yaradıcılığına həsr olunmuş geniş elektron məlumat bazasının yaradılması, süni intellekt texnologiyalarının tətbiqi ilə yeni təqdimatların və onlayn maarifləndirici layihələrin hazırlanması planlaşdırılır. Məqsəd böyük sənətkarın irsini gənclərə daha müasir, həmçinin əlçatan formada təqdim etmək, onun Azərbaycan ədəbiyyatındakı müstəsna xidmətlərini geniş ictimaiyyətə çatdırmaqdır.