Nazir müavini: Biznesdə yeni texnologiyaların tətbiqi vacib məsələlərdən biridir
Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycan Prezidentinin iqtisadi siyasətinin əsasında yerli sahibkarlığın inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması dayanır. Bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən tədbirlər bəhrəsini verir və Azərbaycan iqtisadiyyatı inkişaf edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi”nin açılışı mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, sərgidə nümayiş olunan yerli istehsal mallarının çeşidi və coğrafiyası onu deməyə əsas verir ki, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar öz bəhrəsini verir.
“2019-cu ildən başlayaraq keçirilən bu sərgi Azərbaycanda istehsalın artdığını, keyfiyyətin yüksəldiyini göstərir. Sərgi şirkətlərin innovasiya və yeni texnologiyaların istehsala tətbiqini də nümayiş etdirir və rəqəmsallaşmanın daha da əhatəli tətbiqinə imkan yaradır. Müasir dünyada yeni texnologiyaların tətbiqi nəinki məhsul istehsalı, eləcə də istehsalın keyfiyyətini artırır. Bu baxımdan biznesdə yeni texnologiyaların tətbiqi vacib məsələlərdən biridir. Sərgidə iştirak edən şirkətlər artıq xarici bazarlara da çıxış əldə ediblər. Sərgidə nümayiş olunan məhsullar respublikamızın müxtəlif bölgələrində istehsal olunub ki, bu da regionlarda biznesin inkişafı üçün imkanların yaradıldığını göstərir”, - deyə Rövnəq Abdullayev qeyd edib.