Mirnuh İsmayılov: Azərbaycan ərazisinin 60-65 faizi müxtəlif səviyyələrdə səhralaşma dərəcəsinə məruz qalıb
Bakı, 17 iyun, AZƏRTAC
Qafqaz regionu da səhralaşma problemlərindən kənarda qalmayıb. Burada Azərbaycan səhralaşmaya ən çox məruz qalan ölkələrdən biridir. Bu, beynəlxalq sənədlərdə də qeyd olunur. Hazırda Azərbaycan ərazisinin 60-65 faizi müxtəlif səviyyələrdə səhralaşma dərəcəsinə məruz qalıb. Burada qismən bəzi dağlıq əraziləri çıxırıq. Onlar səhralaşmaya məruz qalmayan ərazi kimi səciyyələndirilir.
Bunu AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Landşaftşünaslıq və təbiətdən istifadə laboratoriyasının müdiri, coğrafiya elmləri doktoru, dosent Mirnuh İsmayılov deyib.
O bildirib ki, Azərbaycan ərazisində səhralaşmadan ən çox ziyan çəkən regionların bölgüsü aparılsa, ilk növbədə, Kür-Araz ovalığı gələcək. “Bundan savayı, Acınohur-Ceyrançöl alçaq dağlığı, Naxçıvan ərazisi, Kiçik Qafqazın cənub-şərq yamacı, yəni Qarabağ və Şərqi Zəngəzur ərazisində xeyli sahə səhralaşma təhlükəsi olan ərazidir. Digər tərəfdən, səhralaşma Talış dağlarının şimal və orta dağlıq hissələrini, alçaq dağlığı əhatə edir. Yəni təxminən 1000 metrdən yuxarı olan ərazilər səhralaşma təhlükəsi altında olan sahələrdir. Böyük Qafqazın cənub-şərq yamacı, xüsusilə Şamaxı, Qobustan, Abşeron, Xızı rayonları, Altıağac qəsəbəsi, Böyük Qafqazın cənub yamacında Ləngəbiz silsiləsi ilə sıralanan ərazilər də səhralaşma təhlükəsinə məruz qalıb. Naxçıvanda da ərazinin təxminən 80 faizi səhralaşma təhlükəsi altındadır. Regionlar üzrə bu rəqəm dəyişə bilər. Kür-Araz ovalığında demək olar ki, ərazinin 100 faizi səhralaşma ilə üz-üzədir”, - deyə o diqqətə çatdırıb.
Mirnuh İsmayılovun AZƏRTAC-a açıqlaması ilə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.
Müxbir – Göyçək Mahmudlu