MÜSƏLMANLAR DANİMARKA BİZNESİNİ BOYKOT EDİRLƏR
Məsələ ondadır ki, müsəlmanlar Danimarka mətbuatında Məhəmməd peyğəmbərin təsvir olunduğu karikaturalara öz etirazlarını həmin şirkətin məhsulunu boykot etmək yolu ilə bildirirlər.
“Arla”nın Səudiyyə Ərəbistanındakı təmsilçilərinin onun məhsullarının satışını dayandırdıqlarını və onların boykotuna başladıqlarını şirkət hələ həftənin əvvəlində bildirmişdi. Sonra elan olundu ki, Səudiyyə Ərəbistanı Danimarkadakı səfirini məsləhətləşmələr üçün vətənə çağırmışdır.
Hadisələrin kökü ötən ilin sentyabrına gedib çıxır - o vaxt Danimarkanın aparıcı qəzetlərindən biri olan “Yulands posten” Məhəmməd peyğəmbərə 12 karikatura dərc etmişdi. Müsəlmanlar buna münasibətini çox tez bildirdilər - on müsəlman ölkəsinin səfirləri Danimarkanın baş nazirinə açıq məktub yazaraq, onu bu məsələdə öz mövqeyini açıqlamağa çağırdılar. Lakin baş nazir bundan imtina edərək demişdir ki, Danimarka azad ölkədir və mətbuatın işinə qarışa bilməz.
Bu cavab müsəlman ölkələrini, xüsusən də, Səudiyyə Ərəbistanını qane etmədi. Kopenhagendə əvvəlcə hesab etdilər ki, bu, hədə-qorxu gəlməkdən başqa bir şey deyildir. Amma indi karikatura məsələsi ciddi diplomatik münaqişəyə çevrilmiş və Danimarka biznesinə qarşı təhlükə yaratmışdır.
Danimarka İstehsalçılar Konfederasiyası “Yulands posten” qəzetini karikaturalara görə üzrxahlıq dərc etməyə çağırmışdır. Şirkətin özü isə Yaxın Şərq qəzetlərində dərc etdirdiyi reklam elanlarında Danimarkanın mövqeyinə aydınlıq gətirərək, boykotu artıq dayandırmağa yox, heç olmasa, onun genişlənməsinin qarşısını almağa çalışmışdır.
Həqiqətən, qəzet “müsəlmanların ləyaqətinə toxunduğuna” görə artıq üzr istəmiş, lakin eyni zamanda yazmışdır ki, onun lazım bildiyini dərc etməyə haqqı var. Elə baş nazirin özü də Yeni il nitqində üzr istəmiş və söz azadlığı hüququndan istifadənin məsuliyyətindən danışmışdır.
Amma bu alayarımçıq bəyanatlardan heç biri, deyəsən, müsəlmanları razı salmamışdır. Onlar Məhəmməd peyğəmbərin karikaturalarda təsvir olunması ilə qətiyyən razılaşmaq istəmirlər. Bir də ona görə ki, belə hallar müsəlman dünyasında yolverilməzdir.