“MÜŞFİQ” YARDIMÇI ELEKTRİK STANSİYASININ GENİŞLƏNDİRİLMƏSİ BAŞA ÇATMIŞDIR
Genişləndirilmiş yardımçı stansiya və ötürücü xətt 3 milyon avroya başa gəlmişdir. Bu məbləğin 2 milyon 600 minini Avropa Birliyi, 400 minini isə Azərbaycan hökuməti ödəmişdir.
Baş nazirin müavini Abid Şərifov 220 kilovoltluq Abşeron-Müşfiq xəttinin və “Müşfiq” yardımçı stansiyasının yenidən qurulması layihəsinin başa çatması münasibətilə mərasim iştirakçılarını təbrik edərək, hələ 1998-ci ildə Prezident Heydər Əliyevin Avropa Komissiyasına müraciətindən sonra ölkəmizə 30 milyon avro məbləğində fövqəladə yardımın ayrıldığını və həmin vəsaitdən bu layihənin maliyyələşdirildiyini bildirdi.
Avropa Komissiyasının ölkəmizin iqtisadiyyatının ən vacib sahələrindən olan enerji şəbəkəsinin inkişafına daim diqqət göstərdiyini və yardım etdiyini diqqətə çatdıran Abid Şərifov bu qurum tərəfindən təkcə İşğaldan Azad Olunmuş Ərazilərin Bərpası və Fövqəladə Yardım Proqramı çərçivəsində respublikamızın enerji sisteminə qrant şəklində 11 milyon avro ayrıldığını da bildirdi. Həmin vəsait hesabına müharibədən zərər çəkmiş rayonlarımızın enerji təchizatı bərpa olunmuşdur. Bundan əlavə, Bakı və Sumqayıt şəhərlərinin enerji təchizatı sistemləri gücləndirilmişdir.
Məlum olduğu kimi, 400 meqavoltmetrlik “Müşfiq” yardımçı stansiyası Bakı şəhərinin 200 min nəfərdən çox əhalisi olan Səbail, Yasamal və Qaradağ rayonlarını elektrik enerjisi ilə təchiz edən əsas stansiyadır. Buna baxmayaraq, bu yardımçı stansiya istehlakçıların tələblərini lazımi səviyyədə ödəmirdi. Odur ki, yardımçı stansiyanın genişləndirilməsi və qidalandırıcı xətlərin yenidən qurularaq təhlükəsizliyinin təmin olunmasının həlli Azərbaycan hökuməti qarşısında duran vacib məsələlərdən biri sayılırdı.
Baş nazirin müavini Abid Şərifov bu layihənin həyata keçirilməsinə göstərdiyi yardıma görə Azərbaycan hökuməti adından Avropa Komissiyasına təşəkkür edərək, qurumun bundan sonra da ölkəmiz üçün əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə dəstək verəcəyinə ümidvar olduğunu bidirmişdir.
İşin icraçısını təyin etmək məqsədi ilə beynəlxalq tenderin keçirildiyini diqqətə çatdıran Baş nazirin müavini demişdir ki, həyata keçirilən layihə çərçivəsində 6,1 kilometr uzunluğunda 2 dövrəli, 13 kilometr uzunluğunda 1 dövrəli 220 kilovoltluq yeni xətt çəkilmiş və 20 kilometrə yaxın mövcud 220 kilovoltluq elektrik xəttinin ikinci dövrəsi asılaraq tam başa çatdırılmışdır. Yardımçı stansiyanın genişləndirilməsi üçün 1100 ton metal dayaq, 304 ədəd dəmir-beton dayaq quraşdırılmış və 300 ton naqil asılmışdır. Onu da qeyd etmək lazımdır ki, tikintidə istifadə olunmuş bütün metal dayaqlar və dəmir-beton özüllər respublikamızın zavodlarında hazırlanmışdır. Bu isə yüzlərlə insanın işlə təmin olunmasına şərait yaratmışdır.
Açılış mərasimində Avropa Komissiyasının Azərbaycana yeni təyin olunmuş xüsusi elçisi Antonius De Vris, İtaliyanın Bakıdakı səfiri xanım Marqarita Kosta və Fransanın Bakıdakı səfiri xanım Şantal Puare iştirak edirdilər. Tədbirdə çıxış edən qonaqlar Avropa Birliyinin Fövqəladə Yardım Proqramının əsas məqsədinin Azərbaycan vətəndaşlarının həyat şəraitinin yaxşılaşdırılması və bir sıra məsələlərin həllinə yardımçı olduğunu dedilər. Bütün bunların Avropa Birliyi və Azərbaycan hökuməti arasında ümumi razılaşma ilə müəyyən edilmiş sərmayə qoyuluşu layihələrinin maliyyələşdirilməsi sayəsində həyata keçiriləcəyi bildirildi.
Tədbirin sonunda genişləndirilmiş yeni “Müşfiq” Yardımçı elektrik stansiyası təntənəli surətdə işə salındı.