Musiqidə müasir texnologiyalar: Uğurlu layihənin yekunu
Bakı, 13 mart, AZƏRTAC
“Mədəni Əlaqələrin İnkişafına Dəstək” İctimai Birliyinin Mədəniyyət Nazirliyinin qrant müsabiqəsində qalib olmuş "Musiqidə müasir texnologiyalar" adlı layihəsi başa çatıb.
Birlikdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Xaçmaz, Quba və Şamaxı rayonlarında musiqi sahəsində müasir texnologiyalar mövzusunda seminarlar təşkil edilib.
Tədbirlərdə ifaçılar və incəsənət sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün müasir texnologiyaların musiqiyə təsiri geniş müzakirə olunub. Seminarı Bəstəkarlar İttifaqının Gənclər şöbəsinin sədri, “Mədəni Əlaqələrin İnkişafına Dəstək” İB-nin sədri, Bakı Musiqi Akademiyasının doktorantı və elmi işçisi İlahə Qismət və bəstəkar, Azərbaycan Dövlət Dram Teatrının musiqi hissə müdiri, Azərbaycan Kinematoqrafçılar İttifaqının idarə heyətinin üzvü Azər Hacıəsgərli keçirib. İştirakçılar tədbirlərin interaktiv xarakter daşıdığını, yeni biliklərin əldə edilməsi baxımından çox faydalı olduğunu vurğulayıblar.
Seminarların sonunda iştirakçılara xüsusi hədiyyələr təqdim edilib.