MƏDƏNİYYƏT
Musiqişünas alim Elmira Abbasovanın xatirəsi anılıb
Bakı, 4 dekabr, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) təşəbbüsü ilə görkəmli musiqişünas alim, Əməkdar İncəsənət Xadimi, professor Elmira Abbasovanın 85 illiyinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib.
BMA-dan AZƏRTAC-a bildirilib ki, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin qatıldığı konfransda əvvəlcə alimin yaradıcılığını əks etdirən videoçarx nümayiş edilib.
BMA-nın rektoru, Xalq Artisti, professor Fərhad Bədəlbəyli görkəmli alimin musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açaraq onun musiqi elmi, musiqi tənqidi və publisistikası, habelə elmi-nəzəri fəaliyyəti ilə bağlı qonaqlara məlumat verib.
Konfransda Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva, Əməkdar İncəsənət xadimləri Gülnaz Abdullazadə, İmruz Əfəndiyeva, Zümrüd Axundova, Əməkdar Müəllim Ülviyyə İmanova və digərlərinin məruzələri dinlənilib. Sonra alimin xatirəsinə həsr edilmiş konsert proqramı təqdim olunub.
Konsertdə BMA-nın müəllim və tələbələri tərəfindən bir-birindən maraqlı və parlaq ifalar səsləndirilib.