Mustafa Abbasbəyli: Məqsədimiz əmək müqavilələrinin sayında artıma nail olmaqdır
Bakı, 10 iyun, AZƏRTAC
Pandemiya dövründə vətəndaşların 190 manat birdəfəlik müavinət alması üçün 25-ə yaxın seçim meyarları müəyyən edildi. Hər müraciət edən vətəndaşın məlumatları təxminən 25 fərqli dövlət qurumunun informasiya sistemlərində təhlil edilərək onun birdəfəlik müavinətə uyğun olub-olmadığı müəyyənləşdirildi. Müraciətlər həddindən çox idi və onun müəyyən edilməsində çətinliklərlə üzləşdik.
AZƏRTAC xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Mustafa Abbasbəyli “Caspian European Club” çərçivəsində “Xüsusi karantin rejimi dövründə əmək münasibətləri” mövzusunda keçirilən onlayn forumda söyləyib.
Onun dediyinə görə, gələn məlumatlarda müəyyən uyğunsuzluqlar var idi: “Əksər hallarda vətəndaşın digər orqanlara verdiyi məlumatlarda uyğunsuzluq özünü göstərirdi. Məsələn, elə vətəndaşlar var idi ki, şəxsiyyət vəsiqəsi 10 il idi dəyişdirilmirdi və təbii ki, bu cür və buna oxşar məlumatlara görə ona birdəfəlik müavinət ödənilməsindən imtina edilirdi. Bununla bağlı çoxlu problemlər yaranırdı. Vətəndaş adına avtomobil olmadığını iddia edirdi, araşdırılanda avtomobilin hüquqi cəhətdən onun adına olduğu aşkar olunurdu. 600 mindən çox vətəndaşın şəxsiyyət vəsiqəsinin vaxtının bitdiyi meydana çıxdı və çox ciddi problemlər yaşandı. Qərara gəldik ki, vaxtı bitmiş şəxsiyyət vəsiqələrini aktiv statusa gətirək ki, onlar müraciət edə bilsinlər. Vətəndaş müraciət edirdi ki, əmək müqaviləm olsa da, 190 manat almaq üçün onu ləğv etmək istəyirəm. Gedib VÖEN-i ləğv etdirirdi ki, birdəfəlik müavinət alsın. Məsələ burasındadır ki, bu passiv tədbir vətəndaşı əmək vətəndaşı əmək bazarından çıxarır. Əslində bizim məqsədimiz bu deyil”.
Xidmətin rəisi fikrinə davam edərək deyib: “Məqsədimiz odur ki, vətəndaşın iradəsindən asılı olmayan hallarda onun gəlirləri itdikdə dövlət ona dəstək versin. Amma vətəndaş özü-özünü gəlirdən məhrum edirsə, əmək müqaviləsinə xitam verdirirsə, yaxud aktiv VÖEN-i passiv VÖEN-ə keçirirsə, bu, artıq bizim iradəmizdən kənardır. Ona görə də biz ona diqqət yetirdik ki, ölkədə əmək müqaviləsinin sayı azalmasın. Bu proses nəticəsində ona nail ola bildik. İlin əvvəlindən bəri əmək müqavilələrinin sayında nəinki azalma, hətta 50 minə yaxın artım müşahidə edildi. Muzdlu işçilərin sayının 1,5 milyondan 1,7 milyon nəfərə çatmasına nail olduq. Orta aylıq əməkhaqqı 25 faiz artırılaraq 635 manata, median əməkhaqqı təxminən 52 faiz artaraq 223 manatdan 398 manata, orta pensiya məbləği təxminən 15 faiz artaraq 228 manatdan 262 manata çatdırıldı. Bu ilin axırlarında orta pensiya məbləğinin 300 manata çatdırılması müəyyən edilib. Orta aylıq əməkhaqqı 43 faiz artırılaraq təxminən 13 milyard manata yaxınlaşdı. Məqsədimiz məşğulluğun təmin olunması, aktiv tədbirlərin həyata keçirilməsi və vətəndaşın əmək bazarında qalmasını stimullaşdırmaqdan ibarət olub. Güman edirik ki, həmin hədəflərə nail ola bildik”.