Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalında 3,4 faiz artım qeydə alınıb
Naxçıvan, 22 may, AZƏRTAC
Bu ilin yanvar-aprel aylarında muxtar respublikada 38 milyon 757 min 900 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu dövr ərzində diri çəkidə ət istehsalı 7821 tona, süd istehsalı isə 25 min 278 tona çatıb. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 5 faiz, süd istehsalı isə 2 faiz artıb.
Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 376 növdə məhsul istehsal olunur ki, bunun da 126 növü ərzaq, 250 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 236-sı qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir.