Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir
Naxçıvan, 21 oktyabr, AZƏRTAC
Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər uğurla həyata keçirilir. Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan şəhərində Mərkəzi Hospitalın, qərargah binasının, iki əsgər yataqxanasının, iki anbarın, aerodrom kompleksinin, təlim meydanının və Türkiyə-Naxçıvan Dostluq Parkının tikintisi başa çatdırılıb, hərbi zavodun və üç anbarın tikintisi, əsgər yataqxanasının əsaslı təmiri davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Babək rayonunda 8 saxlancın, Şərur rayonunda bir saxlancın tikintisi, Culfa rayonunda əsgər yataqxanasının əsaslı təmiri davam etdirilib. Şahbuz rayonunda əsgər yataqxanasının əsaslı təmiri başa çatdırılıb, yaşayış binasının tikintisi, əsgər yataqxanasının əsaslı təmiri aparılıb.
“Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının şəhərciyində yaşayış binasının və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəhərciyində idman zalının yenidən qurulması davam etdirilib.
Şərur rayonunda 6-cı Sərhəd Zastavası üçün yeni xidmət və yaşayış kompleksinin tikintisi başa çatdırılıb, 5-ci Sərhəd Zastavası üçün infrastruktur obyektlərinin tikintisi, 1-ci Sərhəd Komendantlığı binasının yenidən qurulması işləri aparılıb.
Əlahiddə Ümumqoşun Orduya “Mitsubishi L200” markalı xidməti avtomobillər təqdim olunub.
Hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə iki ailəyə mənzil, bir ailəyə isə xidməti mənzil təqdim edilib.