Muxtar respublikanın Daxili İşlər Nazirliyinin kollektivi tərəfindən hərbçilərə bayram sovqatı aparılıb
Naxçıvan, 28 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin kollektivi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında olub, əsgər və zabitlərimizə bayram sovqatı təqdim ediblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov Azərbaycan Silahlı Qüvvələrinin 44 gün ərzində qazandığı Böyük Qələbə və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə əsgər və zabitlərimizi təbrik edib. Bildirib ki, 2020-ci il tariximizdə əbədi yaşayacaq bir ildir. 30 ilə yaxın düşmən tapdağı altında olan ərazilərimiz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasi iradəsi, əzmkarlıq və qətiyyəti ilə geri qaytarıldı. Qazanılan qələbə, eyni zamanda, xalqımızın birliyinin və həmrəyliyinin ifadəsidir. Bu azadlıq mücadiləsində naxçıvanlılar da böyük igidlik və şücaət göstərdilər. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev onların şücaətini xüsusi vurğulayaraq yüksək qiymətləndirib.
Nazir şəhidlərimizə dərin ehtiramını bildirib, qazilərimizə tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. Qeyd olunub ki, Azərbaycan xalqının bu qəhrəman oğullarının adı tarixə əbədilik yazılıb.
Diqqətə çatdırılıb ki, bu gün Naxçıvanda hərbi xidmət üçün yaradılan şərait yüksək səviyyədədir. Bunun nəticəsidir ki, Silahlı Qüvvələrimizin qədim yurd yerimizdəki hissələrində xidməti və qulluq borclarını yerinə yetirən əsgər və zabitlərimiz istənilən anda verilən tapşırıqların öhdəsindən uğurla gələ bilirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun xüsusi diqqət və qayğısını hərbçilərimiz hər an öz üzərlərində hiss edirlər.
Fazil Ələkbərov muxtar respublikada hərbçilər üçün yaradılmış hərtərəfli şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib, əsgər və zabitlərimizi qarşıdan gələn bayram münasibətilə bir daha ürəkdən təbrik edib, 2021-ci ildə onlara həyatda və xidməti vəzifələrində yeni uğurlar arzulayıb.
Tədbirdə nazirliyin Veteranlar Şurasının sədri, ehtiyatda olan polis polkovniki Yusif Həsənov çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi əhəmiyyətindən danışıb, əsgərlərimizi təbrik edib.
Əsgərlərdən Ayxan Nəhmədzadə, Bürhan Bəşirov, Ramin Qaracayev və Elşad Orucov onlara göstərilən qayğıya və yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Sonra əsgər yeməkxanasına baxış keçirilib, gətirilən bayram sovqatı şəxsi heyətə təqdim edilib.