Muxtar respublikanın Yüngül Atletika Federasiyası ili uğurlu nəticələrlə başa vurur
Naxçıvan, 27 dekabr, AZƏRTAC
Bu il Naxçıvan Muxtar Respublikasının Yüngül Atletika Federasiyası üçün uğurlu nəticələrlə yadda qalıb. Belə ki, federasiyanın idmançıları 1 beynəlxalq, 3 ölkə, 5 muxtar respublika əhəmiyyətli və 17 rayon birinciliyində qüvvələrini sınayıb və qaliblər sırasında yer alıblar. İdmançılar təkcə ölkə birinciliklərindən 22 müxtəlif əyarlı medal qazanıblar.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Yüngül Atletika Federasiyasında keçirilən yığıncaqda səsləndirilib.
Yığıncaqda Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə qarşıya qoyulan vəzifələr müzakirə olunub.
Federasiyanın sədri Rövşən Məmmədov bildirib ki, keçirilən müşavirədə Ali Məclisin Sədri Vasif Talıbov idmanın daha da inkişaf etdirilməsi və buraxılan nöqsanların aradan qaldırılması ilə bağlı federasiyalara da müvafiq tapşırıqlar verib.
“Hazırda federasiyanın nəzdində iki klub və 7 rayon bölməsi fəaliyyət göstərir. Klub və bölmələrdə təşkil edilən 84 qrupda 695 idmançı təlimlərdə iştirak edir. Bunlardan 280-i qız, 415-i isə oğlandır. Klub və bölmələrdə idmançılarla 11 məşqçi-müəllim məşğul olur”, - deyən Rövşən Məmmədov diqqətə çatdırıb ki, Yüngül Atletika Federasiyası Gənclər və İdman Nazirliyi ilə birgə bütün idman yarışlarının yüksək səviyyədə hazırlanmasına və keçirilməsinə çalışıb. Bu il federasiyanın idmançılarından 3 nəfəri Azərbaycan yığma komandasının üzvlüyünə namizəd qəbul edilib, idmançılar və məşqçi-müəllimlər üçün Azərbaycan Respublikası Atletika Federasiyasının peşəkar mütəxəssisləri tərəfindən treninq təlimləri keçirilib.
Qeyd edilib ki, bütün bunlarla yanaşı, nöqsanlar da olub. Xüsusilə federasiyanın bölmələrinə cəlb edilən idmançıların sayının artırılması ilə bağlı əlavə tədbirlər görülməli, muxtar respublikada yüngül atletika idman növü üzrə kütləviliyə nail olmaq üçün təşviqat işləri daha da gücləndirilməlidir.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxışında bildirib ki, 2018-ci il ərzində ayrı-ayrı idman növləri üzrə muxtar respublika idmançılarının respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilib, idmançılarımız dünya çempionatlarında 2, Avropa çempionatlarında 3, beynəlxalq turnirlərdə 84, Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında 1, Azərbaycan birinciliklərində 105 medal olmaqla, ümumilikdə, 195 medal qazanıblar. Cari ildə Yüngül Atletika Federasiyasının idmançıları Bakı şəhərində keçirilən oğlan və qızlar arasında yüngül atletikanın kross qaçışı üzrə Azərbaycan birinciliyində və Azərbaycan çempionatında, “Küləyə qalib gəl” devizi altında Bakı Marafonu beynəlxalq turnirində iştirak ediblər.
Federasiyanın sədr müavini İntiqam Rəhimov 2018-ci ildə görülən işlər barədə məlumat verdikdən sonra məşqçi-müəllimlərin fikir və təklifləri dinlənilib.
Sonda 2019-cu il üçün hazırlanmış tədbirlər planı imzalanıb, il ərzində uğur qazanan atletlər mükafatlandırılıb.