ELM VƏ TƏHSİL
“N” saylı qəhrəmanlıq” və “Azərbaycançılıq məfkurəsi” kitablarının təqdimatı olub
Bakı, 6 noyabr, AZƏRTAC
Noyabrın 6-da AMEA-da Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar İttifaqının üzvü, biologiya üzrə fəlsəfə doktoru, dosent Sadıq Qarayevin “N” saylı qəhrəmanlıq” və “Azərbaycançılıq məfkurəsi” kitablarının təqdimatı keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli çıxış edərək 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən danışıb və bu Qələbəni bizə yaşadan şəhidlərimizin xatirəsinin daim uca tutulacağını bildirib.
Təqdimatı keçirilən kitablardan söz açan Eynulla Mədətli bildirib ki, “N” saylı qəhrəmanlıq” romanı elmi-fəlsəfi, yarımsənədli-publisistik, tarixi-bədii əsərdir. Üç fəsildən ibarət romanda hadisələr “Müharibə tumurcuqları”, “N” saylı qəhrəmanlıq” və “Mövcudluğun səpələnməsi” fəsilləri üzrə inkişaf etdirilir. Yazıçının altı fəsildən ibarət “Azərbaycançılıq məfkurəsi” kitabı isə müxtəlif janrlarda yazılmış əsərlərdən ibarətdir. Nəşrdə tarixi zəfərlərimizin azərbaycançılıq məfkurəsi, milli dövlətçilik və qarşıdakı hədəflərimizə çatmaq üçün hərəkətverici qüvvə olduğunu sübut edən əsaslı fikirlər, elmi-fəlsəfi, bədii yazılar yer alıb.
Tədbirdə çıxış edən AMEA-nın akademik-katibi akademik Arif Həşimov şəhidlər haqqında yazılan hər bir kitabın onların adlarının əbədiləşdirilməsi, xatirələrdə yaşaması baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləyib. O bildirib ki, bu kitablar vasitəsilə oxucular 44 günlük Vətən müharibəsinin qəhrəmanları haqqında ətraflı məlumatları, Qələbə tarixinin bütün təfərrüatlarını öyrənə biləcəklər.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə çıxışı zamanı “Azərbaycançılıq məfkurəsi” kitabında milli və bəşəri dəyərlərə, Azərbaycan xalqının milli dövlətçilik ideallarına, hər bir vətəndaşın öhdəsinə düşən vəzifələrə bədii formada işıq salındığını söyləyib.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Mehman Həsənli “N” saylı qəhrəmanlıq” romanının möhtəşəm Zəfərimizi özündə ehtiva edən dəyərli nəsr nümunələrindən biri olduğunu söyləyib. Qeyd edib ki, tarixi sənədli nəsr kimi qələmə alınan bu roman nəsrlə poeziyanın həmahəng nümunəsidir, fəsillərin vəhdətini yaradır və mahiyyətini işıqlandırır.
Tədbirdə digər çıxış edənlər kitablar haqqında fikirlərini bölüşüblər. Qeyd olunub ki, müəllif II Qarabağ müharibəsi haqqında dünya xalqlarında, gələcək nəsillərdə geniş və əhatəli təsəvvür yaratmağı qarşıya əsas məqsəd kimi qoyub.
Sonda dosent Sadıq Qarayev əsərlərin yazılması tarixindən danışıb. O,
kitablarını imzalayaraq oxuculara təqdim edib.