Naftalanda 7 mindən çox sakin kütləvi tibbi müayinədən keçiriləcək
Naftalan, 12 fevral, Rauf Hacıyev, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, bütün ölkə ərazisində olduğu kimi, fevralın 11-dən Naftalanda da əhalinin pulsuz tibbi müayinəsinə başlanılıb.
Naftalan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, keçirilən müayinələrin yüksək səviyyədə təşkili üçün xüsusi komissiya yaradılıb.
Aksiyanın keçiriləcəyi xəstəxana lazımi avadanlıqlarla tam təchiz olunub, vətəndaşların rahatlığı üçün bütün şərait yaradılıb.
Müayinənin ilk günündə qrafikə uyğun olaraq tibbi müayinə təşkil edilib. Həmçinin xəstəxanaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərmək məqsədilə tibb müəssisələrində çalışan həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Kütləvi tibbi müayinə aksiyası zamanı rentgen, elektrokardioqrafiya, ultrasəs, stomatoloji və digər müayinə kabinetləri əhaliyə pulsuz tibbi xidmət göstərəcək.
Müayinələr əsasən həkim terapevt, stomotoloq, kardioloq, ginekoloq tərəfindən həyata keçirilir. Bundan başqa, diabetik xəstələr üçün qan təhlili müayinələri də aparılır. İlk gündə 152 sakin tibbi müayinədən keçib. Bu aksiya çərçivəsində şəhər üzrə 18 yaşdan yuxarı 7 mindən çox sakinin müayinədən keçirilməsi nəzərdə tutulur.