“Nar” ilk Avropa Oyunları ilə bağlı yeni pavilyonunu istifadəyə verib
Bakı, 11 iyun, AZӘRTAC
“Nar” mobil operatoru "Bakı-2015" birinci Avropa Oyunları ilə rəsmi tərəfdaşlığa həsr olunmuş pavilyonunu ictimaiyyətə təqdim edib.
“Azerfon” şirkətinin baş icraçı direktoru Kent Maknili və "Bakı-2015"-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq birinci Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətindən danışıb, qonaqlara “Nar” pavilyonu haqqında məlumat veriblər.
Rəsmi hissədən sonra Kent Maknili mobil operatorun yeni “Nar bağı” brendinə uyğun olaraq, tədbirin xüsusi qonaqları - tanınmış mətbuat nümayəndəsi Elnur Baimov, şoumen Murad Dadaşov və aparıcı Nərgiz Cəlilovanı pavilyonun kənarında simvolik ağac əkməyə dəvət edib.
Qeyd edək ki, bu pavilyonda qonaqlar “Nar” brendinin yenilənmə tarixçəsi ilə yaxından tanış olacaq, su səthində unikal videogörüntü izləmək şansı əldə edəcək, Avropa Oyunları atmosferinə qərq olacaq, fotolar çəkdirəcək və “Nar” operatorundan müxtəlif hədiyyələr alacaqlar.
Pavilyonun fəaliyyət saatları 14:00-dan gecəyarısı saat 00:00-dəkdir.