Narkomaniyaya həsr edilmiş maarifləndirici tədbir təşkil edilib
Bakı, 21 noyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mərdəkan Mədəniyyət Sarayında əsrin bəlası narkomaniyaya həsr edilmiş maarifləndirici tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, Mədəniyyət Sarayının əməkdaşı Kübarə Rəcəbova gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasının təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil, bu məsuliyyətin mühüm bir hissəsinin bütövlükdə cəmiyyətin üzərinə düşdüyünü vurğulayıb.
Mədəniyyət Sarayının “İlkin tibbi yardım” kursunun müəllimi Sevinc Cəfərova tədbir iştirakçılarına narkomaniya və narkotik maddələrin istifadəsinin acı nəticələri haqqında geniş məlumat verib və tədbir iştirakçılarının suallarını cavablandırıb.
Sonda narkomaniyanın fəsadlarını əks etdirən videoçarx nümayiş olunub.
Tədbirin keçirilməsində əsas məqsəd gəncləri bu sahədə maarifləndirmək, sağlam mühit və sağlam gələcək yaratmaqdır.