CƏMİYYƏT
“Narkomaniyaya qarşı mübarizədə idmançıların rolu” mövzusunda tədbir keçirilmişdir
Bakı, 9 aprel (AZƏRTAC). Gənc Vətənpərvərlər Birliyi (GVB) Daxili İşlər Nazirliyinin idman cəmiyyətində “Narkomaniyaya qarşı mübarizədə idmançıların rolu” mövzusunda tədbir keçirmişdir.
GVB-dən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi sayəsində “Gənclərin iştirakı ilə regionlara avtoturun təşkil olunması və idman tədbirlərinin həyata keçirilməsi” layihəsi çərçivəsində reallaşdırılan tədbirdə gənclərin müxtəlif zərərli vərdişlərə meyil göstərməsinin cəmiyyətdə narahatlıq doğurduğu, bu baxımdan idman cəmiyyətlərinin üzərinə böyük məsuliyyət düşdüyü bildirilmişdir.
Çıxış edənlər narkomaniyaya qarşı mübarizə məqsədi ilə maarifləndirmə işlərinin genişləndirilməsinin və kütləvi informasiya vasitələrində, o cümlədən televiziya kanallarında təbliğat kampaniyası aparılmasının vacibliyini bildirmiş, insanın sağlamlığını əlindən alan narkotik vasitələrin zərərindən söhbət açmışlar.
Sonda tədbir iştirakçılarına mövzu ilə bağlı bukletlər paylanmışdır.