Narkomaniyaya qarşı mübarizədə profilaktik tədbirlərin gücləndirilməsi zəruridir
Bakı, 29 dekabr, AZƏRTAC
Xətai Rayon İcra Hakimiyyəti Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu ilə birgə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə şəhər və rayon komissiyalarının fəaliyyətinin səmərəliyinin artırılması məqsədilə “Narkomanlığa qarşı mübarizədə şəhər, rayon komissiyalarının rolu” mövzusunda görüş təşkil edib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupundan AZƏRTAC-a bildiriblər ki, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi, İşçi qrupun məsul əməkdaşı, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə rayon komissiyasının, həmçinin rayonda fəaliyyət göstərən Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası üzvlərinin iştirakı ilə təşkil olunan görüşdə müvafiq dövr ərzində qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar görülmüş işlərə dair hesabatlar dinlənilib.
Görüşdə təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi, davamlığının təmin edilməsi, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı profilaktik tədbirlərin görülməsi və şəhər və rayonlarda asudə vaxtın səmərəli təşkili məqsədilə yeniyetmə və gənclərə xidmət göstərən dövlət müəssisələrinin fəaliyyətinin inkişaf etdirilməsi, bu sahədə çalışan mütəxəssis və əməkdaşların biliklərinin, bacarıqlarının və peşəkarlıq səviyyəsinin artırılması istiqamətində müzakirələr aparılıb.