Narkomanlığın zərəri ilə bağlı teatr tamaşasının nümayişi təşkil olunub
Bakı, 4 aprel, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına müvafiq olaraq, 283 nömrəli tam orta məktəbdə Bakı Uşaq və Gənclər Teatrının real hadisələr əsasında səhnələşdirdiyi “Həyatla oyun” maarifləndirici teatr tamaşası canlı ifada nümayiş olunub.
Bu barədə AZƏRTAC-a Dövlət Komissiyasının işçi qrupundan məlumat verilib.
Tamaşanın əsas məqsədi bəşəriyyətin ən böyük problemlərindən olan narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə çağırış və narkotik asılılıq problemi ilə bağlı yeni metodlar vasitəsilə məlumatlandırma işi aparmaqdır. Maarifləndirmə funksiyasını yerinə yetirən tamaşa narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradır. Tamaşanın nümayişi sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı təsirli təbliğat vasitəsidir.
Sonda iştirakçılara işçi qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları paylanılıb.