NARKOTİKLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ MÜBARİZƏ AKTUAL MƏSƏLƏDİR
V.Şərifov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, görüşdə Birlik ölkələrinin bu bəla ilə mübarizədə səylərinin əlaqələndirilməsi məsələsi önə çəkilmiş, narkosindikatların fəaliyyətinin qarşısının alınmasında birgə mübarizənin gücləndirilməsinə dair konkret tədbirlərdən və MDB ölkələri ərazisində narkotik və psixotrop maddələrin, habelə onların prekursorlarının qanunsuz dövriyyəsinə nəzarətin gücləndirilməsinin zəruriliyindən danışılmışdır. Bu sahədə daha səmərəli əməkdaşlıq üçün məlumat və rəy mübadiləsinin intensiv aparılmasının vacibliyi vurğulanmışdır.
V.Şərifov demişdir ki, Birliyin bəzi ölkələrindən fərqli olaraq, Azərbaycanda bu problem kəskin şəkil almamışdır. Lakin problemin transmilli xarakter daşımasını və narkotik vasitələrin qanunsuz dövriyyəsinin miqyası və coğrarfiyasının ilbəil artmasını nəzərə alaraq, Azərbaycan MDB-nin digər ölkələri ilə birlikdə bu bəla ilə mübarizədə çox fəal iştirak edir. Narkotiklərin transsərhəd dövriyyəsinin beynəlxalq kanallarını yaratmağa və möhkəmləndirməyə cəhd göstərən cinayətkar qruplaşmaların birləşməsi davam edir və məsələ bu baxımdan da çox aktualdır.