NATO BEYNƏLXALQ MƏKTƏBİNİN BAKIDA OFİSİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, iyunun 24-də NATO Beynəlxalq Məktəbinin (NİSA) Bakıda ofisi açılmışdır.
Mərasimdə çıxış edən NATO baş katibinin ictimai diplomatiya məsələləri üzrə müavini Jan Fransua Buro bu məktəbin əhəmiyyətindən danışmış, onun fəaliyyətinin genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.
Jan Fransua Buro diqqətə çatdırmışdır ki, bu məktəb tələbələrə NATO ilə yanaşı, dünyada gedən proseslər haqqında geniş məlumat verməyə imkan yaradacaqdır.
Azərbaycanın NATO ilə əlaqələrinə toxunan qonaq bildirmişdir ki, bu münasibətlər uğurla inkişaf etdirilir.
Azərbaycanın NATO yanında daimi nümayəndəliyinin rəhbəri Kamil Xasıyev Alyansın təşkil etdiyi məktəblərin tarixi və onların diplomatiyanın inkişafında rolu barədə danışmışdır.
K.Xasıyev vurğulamışdır ki, 2003-cü ildə yaradılan NATO məktəbində bu günə qədər Azərbaycan və digər ölkələrdən 400-dən çox gənc təhsil almışdır.
Ölkəmizin NATO-dakı təmsilçisi Azərbaycan hökumətinin NİSA-ya hərtərəfli yardım göstərdiyini diqqətə çatdırmışdır.
######
