NATO-nun Mənzil Qərargahında keçirilən “Xeyriyyə bazarı”nda Azərbaycan da təmsil olunmuşdur
Brüssel, 18 noyabr (AZƏRTAC). Noyabrın 17-də Brüsseldə NATO-nun Mənzil Qərargahında NATO “Xeyriyyə bazarı” təşkil olunmuşdur.
Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyindən AZƏRTAC-a verilən məlumata görə, 39 ölkənin iştirak etdiyi “Xeyriyyə Bazarı”nda Azərbaycan milli məhsullardan ibarət stend və milli mətbəxlə təmsil olunmuşdur.
Milli stenddə Azərbaycan xalçaları, ipəkçilik və dulusçuluq məhsulları, gümüş bəzək əşyaları, suvenirlər, içkilər və digər məhsullar satışa çıxarılmışdır. “Xeyriyyə bazarı”nın beynəlxalq restoran hissəsində Azərbaycan mətbəxinin təamları təqdim edilmişdir.
Azərbaycanın milli stendi və milli mətbəxi ziyarətçilərdə böyük maraq doğurmuş və ölkəmizin mədəniyyəti, tarixi və incəsənətinin uğurlu təbliği baxımından faydalı olmuşdur. Tədbir zamanı toplanan bütün vəsait NATO tərəfindən xeyriyyə layihələrinə sərf ediləcəkdir.
Azərbaycanın tədbirdə iştirakı ARDNŞ-in sponsorluğu və Azərbaycanın NATO yanında nümayəndəliyinin təşkilatçılığı ilə baş tutmuşdur. “Xeyriyyə bazarı”nda Azərbaycan tərəfindən NATO yanında nümayəndəliyinin, Azərbaycanın Belçikadakı səfirliyinin əməkdaşları, ARDNŞ-in Brüssel nümayəndəliyi, İslam Əməkdaşlıq Təşkilatının Brüssel nümayəndəliyi və Avropa Parlamentində təcrübə keçən azərbaycanlı gənclər iştirak etmişlər.
Qeyd edək ki, NATO “Xeyriyyə bazarı” 2005-ci ildən qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərir. Məqsədi müxtəlif tədbirlər təşkil etməklə xeyriyyə üçün pul vəsaiti toplamaq, həmçinin NATO hərbi heyəti və hərbi nümayəndəlikləri arasında dostluğu möhkəmləndirməkdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel