NATO PARLAMENT ASSAMBLEYASININ NÜMAYƏNDƏ HEYƏTİ BAKIYA GƏLMİŞDİR
NATO Parlament Assambleyasının Demokratik İdarəçilik üzrə Yardımçı Komitəsinin sədri Fırat Dayanıklı başda olmaqla bu təşkilatın nümayəndə heyəti sentyabrın 15-də Bakıya gəlmişdir.
Sentyabın 16-da nümayəndə heyətinin üzvləri Şəhidlər xiyabanında olmuş, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş oğul və qızlarımızın məzarları üstünə gül dəstələri qoydular.
Sonra qonaqlar ATƏT-in Bakı ofisində qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşdülər.
Həmin gün Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov NATO Parlament Assambleyasının nümayəndə heyətini qəbul etdi. O, qonaqları səmimiyyətlə salamlayaraq dedi ki, Azərbaycanın qanunvericilik orqanı ilə NATO PA arasında münasibətlər uğurla inkişaf edir. Parlament sədrinin müavini nümayəndə heyətinin tərkibinə NATO-nun üzvü və assosiativ üzvü olan 16 ölkənin nümayəndələrinin daxil olmasından məmnunluq duyduğunu bildirərək dedi ki, Azərbaycan bu ölkələrin hər biri ilə yaxşı münasibətdədir.
Ziyafət Əsgərov ötən il sentyabrın 11-də ABŞ-da törədilmiş və ildönümü bütün bəşəriyyət tərəfindən qeyd olunmuş dəhşətli teror aktından danışaraq dedi ki, Azərbaycan Prezidenti bu hadisədən dərhal sonra terrorun bütün təzahürlərini pisləyən bəyanat verdi, bunun ardınca isə Milli Məclis dünya birliyini terrorizmlə mübarizədə bütün qüvvələri birləşdirməyə çağıran xüsusi sənəd qəbul etdi. O, ölkə parlamentinin beynəlxalq terrorizmlə mübarizə ilə bağlı 9 Konvensiyanı ratifikasiya etməsi faktını vurğulayaraq bildirdi ki, ermənilər 1990-cı ildən bəri Azərbaycan ərazisində 40-dan çox terror aktı törətmişlər.
Ziyafət Əsgərov daha sonra dedi ki, NATO PA-da müşahidəçi statusuna malik olan ölkəmiz tezliklə bu təşkilatın assosiativ üzvü olmaq arzusundadır.
NATO PA nümayəndə heyətinin rəhbəri Fırat Dayanıklı bildirdi ki, Şimali Atlantika Alyansının rəhbərliyi Azərbaycanla əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. O dedi ki, Azərbaycan NATO üçün vacib bir regionda - Cənubi Qafqazda mühüm coğrafi-strateji mövqe tutur və burada mövcud olan problemlərin həllində əhəmiyyətli rol oynayır.
Firat Dayanıklı bildirdi ki, Azərbaycanın NATO PA-ya assosiativ üzv qəbul olunması məsələsi bu təşkilatın yaxın vaxtlarda keciriləcək sessiyasında müzakirə ediləcəkdir.
Sonra nümayəndə heyətinin üzvləri Milli Məclisin insan hüquqları, hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyalarının üzvləri ilə görüşmüşlər.
İnsan hüquqları daimi komissiyasının sədri Sirus Təbrizli səmimi şəraitdə keçən görüşdə parlament komissiyalarının fəaliyyəti, ölkədə gedən demokratik dəyişikliklər barədə ətraflı məlumat verdi.
Firat Dayanıklı nümayəndə heyətinin səfərinin məqsədindən və Bakıda keçirilmiş görüşlərdən söhbət açdı. Qonaq onu da bildirdi ki, o, Türkiyə parlamentinin üzvüdür və Dağlıq Qarabağ ətrafında münaqişə ilə əlaqədar ölkəmizin ədalətli mövqeyini dəstəkləyir.
Elə həmin gün Milli Məclisdə nümayəndə heyəti üzvlərinin parlamentdə təmsil edilən siyasi partiyaların nümayəndələri ilə görüşü oldu. Yeni Azərbaycan Partiyasından Səyavuş Novruzov, Ana Vətən Partiyasından Fəzail Ağamalı və başqaları parlament deputatlarının fəaliyyəti, qanun yaradıcılığı prosesində iştirakı barədə qonaqlara ətraflı məlumatlandırdılar. Onlar Azərbaycanda vətəndaş cəmiyyəti yaradılmasında siyasi partiyaların rolu haqqında NATO PA nümayəndə heyəti üzvlərinin sullarına da cavab verdilər.
Milli Məclisdə keçirilmiş görüşlərdən sonra NATO parlamentinin üzvləri ATƏT-in Bakı ofisində Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların və NATO-nun üzvü olan ölkələrin respublikamızda akkreditə edilmiş diplomatik missiyalrının nümayəndələri ilə görüşdülər.