REGİONLAR
Naxçıvan Dövlət Musiqili Dram Teatrında yeni əsər səhnələşdirilir
Naxçıvan, 31 yanvar, AZƏRTAC
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivi görkəmli dramaturq Moris Miterlinqin “Göy quş” əsəri üzərində çalışır.
Tamaşanın quruluşçu rejissoru Tofiq Seyidov AZƏRTAC-a bildirib ki, əsər Fransada yazılsa da ilk dəfə 1908-ci ildə Rusiyada tamaşaya qoyulub. Azərbaycan teatrında isə Əbdürrəhim bəy Haqverdiyevin tərcüməsində “Mavi quş” adı ilə ilk dəfə 1916-cı ildə səhnələşdirilib. O dövrdən bu günə qədər bu əsərə müraciət olunmayıb. Nəhayət, bu il Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivi həmin əsəri səhnələşdirməyə hazırlaşır.
Tofiq Seyidovun sözlərinə görə, səhnə əsəri indiyədək Naxçıvan teatrlarında təqdim edilən tamaşalardan tam fərqli formada hazırlanır.
Tamaşanın quruluşçu rəssamı Ülviyyə Həmzəyeva, musiqi tərtibatçısı Natəvan Qədimova, rejissoru isə Nurbəniz Niftəliyevadır. Tamaşada Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivi, eyni zamanda, gənclər də iştirak edəcəklər.
Qeyd edək ki, yanvar ayından hazırlıq işlərinə başlanılan tamaşanın mart ayının əvvəllərində təhvil veriləcəyi nəzərdə tutulub.