Naxçıvan idmançıları İstanbul Marafonunda uğurlu nəticələr əldə edib
Naxçıvan, 12 noyabr, AZƏRTAC
Naxçıvan Atletika Federasiyasının idmançıları Türkiyədə keçirilən 43-cü İstanbul Marafonunda uğurlu nəticələr əldə ediblər.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “Dünyanın qitələrarası yeganə marafonu” adlandırılan, Dünya Atletika Birliyi tərəfindən “Qızıl kateqoriya”da göstərilən nüfuzlu tədbirə 100-dən çox ölkədən 20 min idmançı olmaqla, ümumilikdə 40 min nəfər qatılıb.
Naxçıvan Atletika Federasiyasının idmançılarından Əmrah Nağıyev və Miryusif Seyidov da marafonda iştirak ediblər. Əmrah tam məsafə - “42 km” kateqoriyası üzrə mübarizə aparıb. Təmsilçimiz finişə 120-ci (kişilər arasında) olaraq çatıb. 3 saat 21 dəqiqə 27 saniyəlik göstəriciyə nail olan gənc atlet bu nəticə ilə Azərbaycan idmançıları arasında birinci olub.
“15 km” kateqoriyasında gücünü sınayan Miryusif Seyidov 1 saat 10 dəqiqə 59 saniyəlik göstərici ilə 296-cı (kişilər arasında), azərbaycanlı idmançılar arasında isə ikinci olub.
İdmançılarımız marafonunun medalları ilə mükafatlandırılıblar.