Naxçıvan Müəllimlər İnstitutunda tələbələrin yeni startap layihələrinin təqdimatı olub
Naxçıvan, 9 aprel, AZƏRTAC
Naxçıvan Müəllimlər İnstitutu İnnovasiya laboratoriyasının təşkilatçılığı ilə “Startap: innovativ gələcəyə doğru” mövzusunda maarifləndirici seminar keçirilib və tələbələrin yeni layihələrinin təqdimatı olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən institutun rektoru Azad Novruzov startap layihələrinin müasir dövrümüzdə mahiyyəti və əhəmiyyətindən, bu layihələrin elmin, iqtisadiyyatın inkişafındakı rolundan danışıb, tələbələri startapla bağlı layihələrin, təqdimatların təşkilində fəal olmağa çağırıb.
Sonra institutun İnnovasiya laboratoriyasının aparıcı mütəxəssisi Səminə Rüstəmova startap layihələri, onların necə tərtib olunması, hansı mərhələlərdən təşkil olunması, təqdimatlarının hazırlanması istiqamətində maarifləndirici məlumat verib, ölkəmizdə və dünyada məşhur olan belə layihələr haqqında danışıb.
Konfransda startapçı tələbələr layihələrini təqdim edib, Naxçıvan Müəllimlər İnstitutunun saytında belə layihələrin qəbulu üçün nəzərdə tutulan “İdeya bankı” haqqında məlumat verilib, suallar cavablandırılıb.