“Naxçıvan” Universitetinin tələbələri Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi ilə tanış olublar
Naxçıvan, 8 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun “Naxçıvan” Universiteti Tələbə-Gənclər Təşkilatının təşkilatçılığı ilə ali təhsil ocağının tələbələrinin Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinə ekskursiyası təşkil edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə Gənclər Fondunun əməkdaşı Xanım İbrahimova və “Naxçıvan” Universitetinin metodisti Sənan Əhmədov çıxış edərək muxtar respublikada gənclərə göstərilən dövlət qayğısından və onların asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə görülən işlərdən danışıblar.
Sonra gənclər Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində yaradılmış istirahət və xizək mərkəzi ilə yaxından tanış olublar. Məlumat verilib ki, Ağbulaq kəndinin təbiəti, havası və müasir infrastrukturu kənddə digər turizm növləri kimi qış turizminin də inkişafı üçün geniş imkanlar açır. Buna görə kənddə Ağbulaq İstirahət Mərkəzi yaradılıb, qış turizminin inkişafı sahəsindəki imkanları nəzərə alınaraq dağ-xizək mərkəzi qurulub.
Vurğulanıb ki, bu gün həyata keçirilən tədbirlər Ağbulaq kəndini təkcə muxtar respublikada deyil, ölkəmizdə və dünyada tanıtmaqdadır.
Gənclər istirahət mərkəzində “Azərbaycanın ürəyidir Naxçıvan” filmini seyr edib, kanat yolu vasitəsilə Ağbulaq kəndinin əsrarəngiz gözəlliyini yüksəklikdən izləmək şansı əldə ediblər.
Sonda gənclər üçün çay süfrəsi təşkil olunub.
Ekskursiyada, ümumilikdə, 30-a yaxın gənc iştirak edib.