Naxçıvanda avtonəqliyyat infrastrukturunun inkişafı istiqamətində ardıcıl tədbirlər görülür
Naxçıvan, 29 mart, AZƏRTAC
Muxtar respublikanın ucqar dağ kəndlərinə rahat asfalt yolların salınması, yol-nəqliyyat infrastrukturunun yenilənməsi, Naxçıvan, Şərur, Ordubad, Culfa və Şahbuz şəhərlərində müasir avtovağzal komplekslərinin inşa olunması avtonəqliyyat xidməti sahəsinin yaxşılaşdırılmasına öz töhfəsini verib. Ötən müddət ərzində daxili sərnişindaşıma ilə yanaşı, beynəlxalq əməkdaşlığın inkişafı da diqqətdə saxlanılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsində şəhərdaxili nəqliyyatda sərnişindaşıma xidməti göstərən sürücülərin, dispetçerlərin və xətt nəzarətçilərinin iştirakı ilə payız-qış mövsümünün yekunu və qarşıda duran vəzifələrlə bağlı keçirilən iclasda danışılıb.
Tədbirdə Dövlət Nəqliyyat Xidməti rəisinin müavini Anar Babayev muxtar respublikada avtonəqliyyat infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən bəhs edib.
Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinin rəisi İlkin Məmmədov ötən illərdə olduğu kimi, cari ildə də sərnişinlərə daha yüksək səviyyədə nəqliyyat xidməti göstərilməsi məqsədilə şəhərdaxili marşrut avtobuslarının və mikroavtobusların fəaliyyəti üçün müəssisədə yaradılan şərait barədə məlumat verib.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Ələşrəf İbrahimov isə piyada keçidlərindən düzgün istifadə edilməsi, bu zaman piyadaların məsuliyyəti, sürücülərin üzərinə düşən vəzifələr və digər məsələlər barədə danışıb.