REGİONLAR
Naxçıvanda dövlət qulluqçularının andiçmə mərasimi olub
Naxçıvan, 13 iyun, AZƏRTAC
Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqədə müvəffəqiyyət qazanmış dövlət qulluqçularının andiçmə mərasimi olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək andiçmənin Milli Qurtuluş Günü ərəfəsində keçirildiyini qeyd edib. Bildirib ki, ölkəmizdə müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Muxtar respublikada dövlət qulluğunun səmərəli təşkili və idarə olunması məsələlərindən də danışan İsmayıl Qəribli vurğulayıb ki, vətəndaşların mərkəzləşdirilmiş qaydada dövlət qulluğuna qəbulunun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi üçün hərtərəfli şərait yaradılıb.
Sonra keçirilən imtahanlarda 98 bal toplayaraq Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində iclas katibi vəzifəsinə təyin olunan gənc dövlət qulluqçusu Təranə İsmayılova yaradılmış şəraitə və göstərilən qayğıya görə gənc dövlət qulluqçuları adından dövlətimizə minnətdarlığını bildirib.
Müsabiqəni uğurla başa vurmuş və dövlət orqanlarında işə başlamış namizədlər Azərbaycan Respublikasına sadiq olacaqlarına, onun Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun onlara verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, yalnız qanunauyğun surətdə və dövlətin mənafeyi naminə həyata keçirəcəklərinə and içib, andın mətnini imzalayıblar.
Qeyd edək ki, andiçmə mərasimində karantin rejiminin tələblərinə ciddi əməl edilib.
Xatırladaq ki, müsabiqəyə 225 vakant vəzifə çıxarılıb, həmin vəzifələrin tutulması üçün 574 nəfər sənəd təqdim edib. Müsabiqənin test imtahanları mərhələsində 557 namizəd iştirak edib, 269-u keçid balını toplaya bilib. Müsahibə mərhələsində müvəffəqiyyət qazanmış 64 namizəd vakant vəzifələrə təyin olunub. Onlardan ilk dəfə dövlət qulluğuna qəbul edilmiş 59 nəfər andiçmə mərasimində iştirak edib, 20 nəfərdən ibarət qruplar şəklində and içiblər.